ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi, bu ilin avqust ayında Bakıya etdiyi səfərdən az sonra - sentyabrda istefaya göndərilən Evelin Farkas Azərbaycan da daxil olmaqla bəzi ölkələrə qarşı Rusiya hərbi təhdidi haqda danışıb.
Virtualaz.org saytı xəbər verir ki, Evelin Farkas jurnalistlərlə söhbətində “Rusiya təcavüzünün qarşısının alınmasının vacibliyini” vurğulayıb. Bu haqda “The Hill” qəzeti yazır.
Evelin Farkas Pentaqonda Rusiya və Avrasiya regionu ölkələrini kurasiya edirdi. O, özünün sərt anti-Rusiya baxışları ilə tanınıb və Pentaqonda Rusiya üzrə ən peşəkar mütəxəssislərdən biri olub.
Onun istefaya göndərilməsi barədə qərar ötən həftə rəsmiləşib. Evelin Farkas vəzifəsini oktyabrın 31-də tərk edib.
“Biz Rusiyanı dayandırmaq üçün real addımlar atmalıyıq”- deyə E.Farkas ABŞ Müdafiə Nazirliyi ilə işləyən jurnalistlər üçün təşkil edilmiş dəyirmi masada bildirib.
O deyib ki, Pentaqon rəhbərliyi ilə Rusiyaya münasibətdə aralarında fikir ayrılıqları yaranmışdı. Bu fikir ayrılıqları əsasən NATO-ya üzv olan Şərqi Avropa ölkələrində dislokasiya olunmuş Amerika hərbi kontingentinin artırılması barədə olub.
Evelin Farkas deyib ki, ABŞ bu ölkələrdə daha çox hərbi qüvvə yerləşdirməlidir. Bu, NATO-Rusiya çərçivə razılaşmasına zidd olsa da mümkündür. Çünki ruslar Krım və Ukraynadakı hərəkətləri ilə bu razılaşmanı artıq pozublar.
Keçmiş Pentaqon rəsmisi qeyd edib ki, Birləşmiş Ştatların ata biləcəyi addımlardan biri də Rusiya təhdidini hiss edən ölkələrə - Ukrayna, Moldova, Gürcüstan və Azərbaycana böyük dəstəyin göstərilməsindən ibarət olmalıdır.
“Rusiyanın ətrafında yerləşən ölkələrə bizim siyasi diqqətimiz lazımdır, onların həmçinin bizim iqtisadi və hərbi yardımlarımıza da ehtiyacları var”- deyə E.Farkas qeyd edib.
Onun sözlərinə görə, Vladimir Putinin hərəkətlərini proqnozlaşdırmaq mümkün deyil. Evelin Farkasın fikrincə, Putin Suriyada Əsədi qorumaq üçün hərbi əməliyyatlara başlayaraq rejimlərin bu yolla dəyişdirilməsi presedentinə son qoymaq istəyir.
Xatırladaq ki, Evelin Farkas avqustun 19-da Bakıya səfər edib. Bakıdan qayıdandan bir neçə gün sonra onun istefaya göndəriləcəyi elan olunub.
Daha sonra üzə çıxıb ki, Evelin Farkasın Bakıda olduğu bir vaxtda Rusiyanın bombardmançı təyyarələrinin eskadrilyası Azərbaycan üzərindən uçaraq Suriyaya gedib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?