Aprelin 15-də prezident Cozef Bayden ABŞ-ın milli təhlükəsizlik sahəsində fövqəladə vəziyyət rejimi elan olunması haqda sərəncam imzalayıb.
Novator.az saytı ABŞ-ın “Fox News” kanalına istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi Rusiyadan gələn təhdidlərə görə elan edilib.
Cozef Baydenin sərəncamında vurğulanıb ki, Rusiya hökumətinin ayrı-ayrı zərərli fəaliyyətləri nəticəsində ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı qeyri-adi və fövqəladə təhdid qarşısında qalıb.
Artıq Ağ ev prezidentin sərəncamı haqda Konqresi məlumatlandırıb. Ağ evdən Konqresə göndərilən məktubda bildirilib ki, Rusiya ABŞ-da azad və demokratik seçkiləri pozmağa çalışıb, kibersahəyə məqsədli şəkildə müdaxilələr edib, başqa ölkələrdə jurnalistləri və yadfikirli insanları təqiblərə məruz qoyub, beynəlxalq hüququ tapdayıb.
Fövqəladə vəziyyətlə bərabər ABŞ prezidentinin administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq edib. Sanksiyalar Rusiyanın 10 diplomatının ABŞ-dan çıxarılmasını nəzərdə tutur. Eyni zamanda Rusiyanın 30 qurumu qara siyahıya salınır. Cəza tədbirləri Rusiyanın maliyyə və dövlət borcu sahələrini də hədəfləyir. İyun ayının 14-dən ABŞ-ın maliyyə təsisatlarına Rusiyanın rublla borc əməliyyatlarında iştirak etmək yasaqlanır.
Sanksiyalara səbəb Rusiyanın ötən il ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi, ABŞ federal agentliklərinin məlumat bazalarına haker hücumları təşkil etməsidir.
Sorğu
Yeni dizaynımız necədir?