Bakı Beynəlxalq Avtovağzalından Müşfiqabad qəsəbəsinə işləyən 114 nömrəli avtobusla bağlı narazılıq var.
Belə ki, bu avtobus I Avropa Oyunlarına qədər metronun «20 Yanvar» stansiyasından Müşfiqabad qəsəbəsinə hərəkət edib. Oyunlara görə avtobusun gediş istiqaməti dəyişdirilsə də, sonradan əvvəlki istiqaməti bərpa edilməyib. Bu ilin noyabrında parlament seçkiləri vaxtı avtobusun köhnə istiqaməti qısa müddətlik bərpa olunub. Lakin seçkilər bitər-bitməz avtobusun hərəkətinə yenidən avtovağzaldan başlanıb. Sərnişinlər isə bu durumdan məmnun deyillər.
«SƏRF ETMİR»
Pərvanə adlı sərnişin deyir ki, əvvəllər «20 Yanvar»a 30 qəpiyə gəlsələr də, indi 50 qəpiyə gəlib çıxırlar. Üstəlik, bu avtobus səhər və axşam saatlarında qrafikə uyğun işləmir:
«Avtobusun bu qrafiklə hərəkət etməsi həm vaxtımıza, həm də cibimizə ziyandır. Heç olmasa, gediş haqqını bir az endirərdilər. Səhərlər işə tələsirik, amma avtobus tapa bilmirik. Bəzən avtobusu gözləmirik, taksidən istifadə edirik. Taksilər də bir nəfəri 1 manata, 1 manat 50 qəpiyə aparırlar. Amma hər gün taksi ilə getmək olmur axı. Avtobusların sayı azdır. Belə olanda da sıxlıq yaranır. Bir neçə avtobus yola saldıqdan sonra birinə minmək mümkün olur. Dispetçerdən soruşuram, «niyə avtobusların sayını artırmırsınız», deyir ki, «sərf etmir».
1 SAATDAN ÇOX DAYANACAQDA QALIRIQ
Elyanə adlı başqa bir sərnişin isə gileylənir ki, aldığı 150 manat maaşın 50 manatı gedişhaqqına xərclənir:
«Aldığımızın yarısını avtobusa veririk. Görünən odur ki, bunun hamısı pul tələsidir. Çünki hazırkı vəziyyətdə ancaq artıq pulumuz və vaxtımız gedir. Bəzən 1 saatdan çox dayanacaqda qalırıq. Saat 5-də işdən çıxıram, 9-da evə çatıram. Sürücülər qəsəbədəki hər darvazanın qarşısını dayanacaq hesab edir. Nəticədə də 20 dəqiqəlik yolu 1 saatdan çox vaxta gedir. Buna görə də nə işə, nə də evə vaxtında çata bilmirik».
Qəsəbədə məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşadığını deyən Elyanə xanım həm də dayanacağın olmamasından şikayətçidir:
«Bu avtobusun sonuncu dayanacağı bizim şəhərcikdir. Orda isə dayanacaq tikilməyib. Yağışda, küləkdə daldalanmaq üçün yaxınlıqdakı marketlərdə gözləyirik».
«DƏYİŞİKLİK OLMAYACAQ»
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı AzadlıqRadiosuna bildirir ki, Müşfiqabad istiqamətində hərəkət edən avtobusların son dayanacağı Bakı Beynəlxalq Avtovağzalından olmalıdır:
«Şəhərətrafı ərazilərdən işləyən bütün marşrutlar «20 Yanvar»a gələndə həddindən artıq tıxac olur. 114 nömrəli avtobusun bu şəkildə fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Ona görə də bu avtobusun hərəkət istiqamətində dəyişiklik olmayacaq».
Bu, yalnız 114 saylı avtobusun əhvalatıdır. I Avropa Oyunlarına görə bir sıra şəhəriçi və şəhərətrafı avtobusların marşrutu dəyişdirildi və əksəriyyəti bir daha bərpa olunmadı. Sərnişinlər, özəlliklə, şəhər ətrafından mərkəzə və əksinə işləyən avtobusların bərpasını arzulayırlar. Belə ki, vaxtilə, məsələn, Əhmədlidən «28 May» metrostansiyasına birbaşa, 1 saylı avtobusla gələn sərnişin indi azı iki ictimai nəqliyyat dəyişməli olur. Sərnişinlər bunun həm vaxt, həm də pul baxımından onlara sərfəli olmadığını deyirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?