Dünən Nardarandakı atışmadan sonra öldürülən insanların cənazələrini ailələrinə vermirlər. Bu haqda “Basta”ya adının çəkilməsini istəməyən mənbə məlumat verib.
nardaran 9Rəsmi məlumata görə, Nardaranda ilahiyyatçı Taleh Bağırzadənın həbsinə müqavimət göstərilməsi səbəbi ilə dünənki atışmada 6 nəfər ölüb, onlardan 2-si polis, qalanları isə Nardaran sakinləridir.
Mənbə bildirir ki, hüquq-mühafizə orqanları öldürülən Nardaranlıların dəfn mərasiminin böyük aksiyaya çevriləcəyindən narahat olduğu üçün, cənazələri verməkdən ehtiyatlanır. Xatırladaq ki, Nardaran yerli sakinlərin nəzarətindədir – gecə də daxil olmaqla, dünən İmam Hüseyn Meydanında başlayan aksiya davam etməkdədir.
3 saylı Sabunçu Klinik Xəstəxanası dünəndən hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır.
Musavat.com xəbər verir ki, bu gün də xəstəxanaya girişə məhdudiyyət qoyulub.
Xəstə ziyarətinə ümumiyyətlə icazə verilmir. Xəstə yaxınlarından bir nəfər ehtiyac olduqda həkim məsləhəti ilə içəri buraxılır. Xəstəxananın giriş qapısında işə gələn həkimlər, təcili tibbi yardım maşınları, həkimlərin maşınları bir-bir yoxlanılır.
Xəstəxanadan bildirilir ki, xəstələrə yemək verildiyi üçün ziyarətə gələn xəstə yaxınlarının da içəri keçməsinə ehtiyac yoxdur. Xəstəxananın girişində onlarla insan var.
Hazırda xəstəxananın bütün qapıları, binaları, hətta hər mərtəbəsi polis nəzarətindədir. Həyətdə avtobuslarda və Post Patrul Maşınlarında Çevik Polis Alayının əməkdaşları var. Ölən və yaralananlar haqda xəstəxanadan heç bir məlumat verilmir.
Xatırladaq ki, dünən Nardaranda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dindarlar arasında silahlı toqquşma olub. Silahlı insident zamanı 2-si polis əməkdaşı olmaqla 6 nəfər dünyasını dəyişib. 10 nəfərədək yaralanın olduğu bildirilir.
10 min nəfərə yaxın əhalisi olan Nardaran qəsəbəsinin bütün giriş-çıxış yolları isə polisin nəzarətindədir.
Sorğu
Yeni dizaynımız necədir?