Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına gətirilib; fevralın 13-də Bakı Apellyasiya məhkəməsində onun şikayətinə baxılacaq
“Xural” qəzetinin baş redaktoru, vicdan məhbusu Əvəz Zeynallı yanvarın 27-də 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına gətirilib. Buna səbəb vəkil Elçin Sadıqovun baş redaktorun məhkəməyə gətirilməsi ilə bağlı qaldırdığı vəsatətin hakim tərəfindən qəbul olunmasıdır. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə Əvəz Zeynalının şikayətinə baxılacaq. Baş redaktorun səhhətində problemlər yaranıb. Bununla bağlı Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə əlaqə saxladıq.
Məlahət Zeynallı baş redaktorun səhhətində yaranan problemlərdən danışıb: ”Hazırda o, Bakı İstintaq Təcridxanasına gətirilib və orada saxlanılır. Sonuncu dəfə yanvarın 26-da görüşmüşəm. Bəzi problemləri var idi, onlar da həll olunur. Səhhətilə bağlı problemləri var. O məsələləri də həll etməyi nəzərdə tuturuq. Ola bilsin ki, yanına həkim aparmaq üçün müəssisə rəhbərliyinə müraciət edək. Hazırda məhkəməyə hazırlaşır. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılacaq. Məhkəmələrin "ədalət"inə inanmasa da, bütün hüquqi prosedurları lazımi səviyyədə yerinə yetirməyi özünə borc bilir ”.
Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci (dələduzluq) maddəsilə cinayət işi qaldırılan, 3 il müddətinə azadlıqdan məhrum edilən Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Barəsində CM-nin 313.3.3 313.3.4-cü maddələri ilə cinayət işi açılıb. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən, Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır.
Sorğu
Yeni dizaynımız necədir?