Zəlimxan Məmmədli: “Bununla Mütəllibov Kremldə hazırlanan ideoloji təxribat platformasının tərkibində olduğunu göstərdi”
Bu günlərdə Modern.az saytına müsahibəsində eks prezident Ayaz Mütəllibov Əbülfəz Elçibəylə bağlı verilən suala cavabında onu primitiv millətçi adlandırıb: “Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.
Mütəllibovun bu açıqlaması Elçibəyin silahdaşları arasında kəskin etirazla qarşılanıb.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli son zamanlar Rəsulzadəyə, Elçibəyə qarşı təhqiredici hücumların vüsət almasının bilərəkdən ortaya atıldığını diqqətə çatdırdı: “Son zamanlar Azərbaycan qəribə təzadlarla zəngin olub. Günün günorta çağı Məhəmməd Əmin Rəsulzadə təhqir olunur. Üstümüzə düşmənlər gəlir və başlayırlar Elçibəy barədə təhqiredici fikirlər səsləndirməyə. Mahiyyət etibarı ilə millətin müsavatçılıq yolunun baniləri, Azərbaycan Demokratik Cümhuriyyətini quran insanlar, onun varisləri, konkret halda Əbülfəz Elçibəy təqib olunur, Mütəllibov da ənənəvi olaraq bu təqib kampaniyasının içərisindədir. Ondan soruşmaq lazımdır ki, millətçiliyin nə olduğunu bilirsənki, onu da təhlil edirsən? Onun bu açıqlaması sadəcə olaraq bir ağsaqqal mövqeyi olmadı. Onun dövlət adamı kimi mövqeyi fərqli olmalı idi. Mütəllibov dövlətçi düşüncə sahibi idisə, bütün qüvvələrin indiki zamanda dövlətimiz təhlükə ilə üz-üzə olan ərəfədə bir araya gəlməsini təşviq edərdi. Amma təəssüf ki, Mütəllibov bu təfəkkürdən uzaq olmaqla, daha böyük ehtimalla Kremldə hazırlanan ideoloji təxribat platformasının tərkibində olduğunu göstərmiş oldu.
Elçibəyin guya Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin kimi fikrilərinin olduğunu iddia etmək yanlış fikirdir, tarixi təhrif etməkdir. Hər halda Əbülfəz bəyin fikirləri cəmiyyətə açıq olub, onun Qarabağ məsələsinin həlli, o cümlədən Güney Azərbaycanla bağlı aydın bir mövqeyi olub. Elçibəyin bütöv Azərbaycan ideyasını gündəmə gətirməsi düşmənə qarşı dirəniş idi”.
Ayaz Mütəllibovun bu ittihamlarını cəbhə iqtidarı dönəmində Müdafiə naziri işləmiş Rəhim Qazıyev də cavab verib: “O, ölkənin ilk prezidenti kimi bir az özünə hörmət etsə, yaxşıdır. İstərdim ki, onunla qabaq-qabağa oturub debat edək; o, prezident olub, mən də həmin dövrün fəallarından biri. Üstəlik, sonradan Müdafiə naziri kimi də işləmişəm. Ona deyiləcək sözlərim var. Yaxşı olar ki, birinci prezident kimi Mütəllibov öz yerində otursun. Ağzına gələn ifadələri işlətməsin, yoxsa mən onun haqqında kifayət qədər şey deyərəm. Əsaslı fikir də söyləyə bilərəm. Özü də mən bilmədiyim şey haqqında danışmaram. Ayaz Mütəllibova məsləhətim budur ki, birincisi, bildiyi şeylər haqqında danışsın. İkincisi də, öz gözündə tiri qoyub, başqasında tük axtarmasın”.
Keçmiş Müdafiə nazirinin sözlərinə görə, Ayaz Mütəllibov Azərbaycanın ən ağrılı vaxtlarında prezident olsa da, amma heç vaxt baş verən hadisələrdə özünü günahlandırmayıb: “Hazırkı durumda bəzi adamlar özlərini “Milli qəhrəman”a çevirirlər. Bu bizim ən böyük faciəmizdir. Əbülfəz bəyin dövrünə təsadüf edən Kəlbəcərin işğalı, ayrıca bir mövzudur. Ayaz Mütəllibov onun haqqında fikir söyləyə bilməz. Mütəllibov elə cəsarətdən, ləyaqətdən danışırsa, niyə ölkəni qoyub qaçdı? Özü də hərbi təyyarə ilə ölkəni tərk etdi. O vaxt canını götürüb qaçanlar, indi qəhrəmanlıqlarından danışırlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?