“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı (SMAİA) ölkədə insan haqlarının dururm ilə bağlı bəyanat yayıb.
Qurum tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad olunmasını rəsmi Bakının humanistliyinin yox, yerli və beynəlxalq ictimaiyyətin tələbləri önündə geri çəkilməsinin nəticəsi adlandırır. Müəlliflər Leyla və Arif Yunusların şərlənərək həbs olunduqlarını qeyd edir və hər ikisinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edirlər.
Sənəddə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə səbəb olan dövlət əleyhinə çağırışlar və s. ittihamlar “əsassız və sifarişli” adlandırılır, F.Qəhrəmanlıya qeyd-şərtsiz azadlıq tələb edilir.
Müəlliflər siyasi məhbuslar Tofiq Yaqublu, İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun barəsində Avropa məhkəməsinin qərarlarının icra edilməməsinin ciddi narahatlığa səbəb olduğunu vurğulayırlar.
Nardaran hadisələri zamanı həbs olunan “Müsəlman Birliyi” Hərəkatının (MBH) sədri hacı Taleh Bağırzadənin və digər şəxslərin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması, vəkillə görüşməyə, ailə üzvləri ilə telefonla əlaqə saxlamasına imkan verilməməsinə toxunulur.
Alyans T.Bağırzadəyə və Hərəkat üzvlərinə qarşı irəli sürülən ittihamları əsassız və siyasi sifariş hesab edir.
Son olaraq müəlliflər hakimiyyəti siyasi repressiyaları durdurmağa, qanunsuz olaraq həbsdə saxladığı siyasi məhbusları azad etməyə çağırırlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?