Dekabrın 23-də Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) “Siyasi məhbuslara azadlıq!” tələbi ilə Almaniya və Fransada aksiyalar keçirib.
Müsavat AKM-in məlumatına görə, aksiya çərçivəsində eyni vaxtda Almaniyanın Köln, Mainz, Nürnberg və Fransanın Laval şəhərlərində mitinqlər baş tutub.
Aksiya Azərbaycandakı siyasi məhbusların, o cümlədən Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun, REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlının, NİDA Vətəndaş Hərəkatının fəalları İlkin Rüstəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov və Elgiz Qəhrəmanın, jurnalist və blogerlər Əfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Əziz
Orucov və Fikrət Fərəməzoğlunun, eləcə də Taleh Bağırzadənin və “Nardaran işi” üzrə məhkum edilmiş digər məhbusların həbsdən azad olunması tələb edilib. Aksiyalarda həmçinin Qarabağda ermənilərin girov götürdüyü Dilgəm Əsgərov və Şahbaz Quliyevin plakatları qaldırılıb, onların azad olunması tələb edilib. Azərbaycanın və Müsavat Partiyasının bayrağı altında keçən aksiyalarda Azərbaycanın himni səsləndirilib.
Müsavat AKM-in sədri İlham Həsən bildirib ki, aksiyaların qətnamələri Azərbaycan, Alman, İngilis dillərində dünya ictimayyətinə çatdırılıb.
“Bəyanatlar eyni zamanda beynəlxalq təşkilatlara, aparıcı dövlətlərin parlamentlerinə və Azərbaycan hakimiyyətinə ünvanlanıb. Müsavat AKM olaraq bir daha Azərbaycan hökümətinə bildirmək istəyirik ki, Azərbaycanda siyasi məhbuslar azad olunana və siyasi təqiblərə son verilənə qədər bu cür etiraz aksiyaları daha geniş tərkibdə, daha sərt tələblərlə davam edəcək. Bir daha tələb edirik ki, bu qanunsuz hərəkətlərə son qoyulsun. Qarabağ probleminin həllinə laqeyidlikdən, korrupsiyadan, saxta əməllərdən, Azərbaycan dövlətciliyinə zərər vurmaqdan əl çəkin”, İlham Həsən qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?