Həbsdəki jurnalistin anası “Yeni Müsavat”a danışdı “Ayna-Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirova hökm oxunmasından yarım ay ötür. Jurnalist barəsindəki məhkəmə qərarından yaxın günlərdə apelyasiya şikayəti veriləcək. Vicdan məhbusunun yaxınları növbəti instansiya məhkəməsində onun azadlığa buraxılacağına ümid edirlər.
Mirqədirovlar ailəsində bu ümidin yaranmasına səbəb R.Mirqədirovla bərabər dövlət də xəyanətdə ittiham olunan Leyla Yunus və Arif Yunusun Apelyasiya Məhkəməsindən azadlığa buraxılmalarıdır.
R.Mirqədirovun anası Rəfiqə İsayeva ilə oğlunun həbsindən keçən 20 ay, ona verilən 6 il həbs cəzası, qarşıdan gələn Apelyasiya Məhkəməsi ilə bağlı ümumi dəyərləndirmə aldıq.
- Rəfiqə xanım, 20 ay əvvəldən başlayaq. Oğlunuzun ağır ittihamla həbsini necə qarşıladınız?
- Raufun o ittihamla həbsi xəbəri bizi sarsıtdı desəm, az olar. Elə bil uca dağdan aşağı itələdilər, ayağımızın altından yer qaçdı. Həyatımızda çox çətinliklər görmüş, faciələr yaşamışdıq. Amma bu, hamısından ağır oldu. Həmişə qürur duyduğumuz oğlumu şərləmiş, özü də ən axırıncı cinayətkar kimi, 4 yaşlı övladının gözü qarşısında silahla maşından düşürüb həbs etmiş, ailəsini gecənin yarısı küçədə qoyub getmişdilər. Rauf o günü xatırlayanda, indi də həyəcandan əlləri əsir, gözləri yaşarır. Deyir ki, qızımın gözlərindəki ifadəni unuda bilmirəm.
- Rauf bəyin həbsindən sonra hansı reaksiyalar oldu, nələr yaşadınız?
- Oğlum həbs ediləndə bir çox beynəlxalq təşkilatlar, dövlətlər, hüquq müdafiəçiləri, siyasətçilər və jurnalistlər reaksiya verdilər. İttihama inanmadıqlarını bildirdilər. Oğlumu yüksək dəyərləndirir, şər-böhtana son qoyulmasını tələb edirdilər. Aydın görünürdü ki, tanınmış jurnalistin həbsi dövlətimizə qarşı düşmənçilik idi. “Düşmən dəyirmanına su tökənlər” dövlətimizin imicinə ciddi zərbə vururdular. Çoxsaylı bəyanat, qətnamələr ölkəmiz əleyhinə səsləndi. Raufun fikri azad, mövqeyi hər zaman güclü olub. Oğlum daim dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edib. Hətta onun həbsdə belə, verdiyi bəyanatlara fikir verin. Özünü deyil, vətənini düşünür.
Birinci bəyanatında deyir ki, Türkiyə ərazisində vəkillik hüququmdan istifadə etməyimə yasaq qoyulması Avropa məkanında ilk idi, Avropa Şurasında Azərbaycanın həmsədrlik etdiyi ərəfədə verilmişdi. Oğlum qərarın dövlətçilik baxımından araşdırılmasının vacib olduğunu bildirirdi. Daha bir bəyanatında deyir ki, Qarabağ məsələsində iqtidar-müxalifət arasında birlik olmalıdır. Rauf bildirir ki, Ermənistana casusluq etməkdə ittiham olunması, hüquqi baxımdan ən böyük ədalətsizlik, milli maraqlar baxımından xəyanət, Allah qarşısında isə böyük günahdır. Oğlum həbsdə belə dövlətinin təəssübünü çəkir.
- Oğlunuz nə zamandan milli azadlıq hərəkatına qoşulub?
““Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf...Mənə bir az kömək edin, daha gücüm çatmır...” ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. “Kələki gündəliyindən”...)
- Tələbəlik illərindən... Həmişə həyatını riskə atırdı. 20 Yanvar gecəsi həm vətəndaş, həm də jurnalist kimi qəhrəmanlıq etmişdi. Yaralıları xilas etməyə, qırğının qarşısını almağa çalışmış, eyni zamanda hadisələri tarixə köçürmüşdü. O, müharibə dövründə informasiya müharibəsində məğlub olduğumuzu görüb, bunu gözəl dəyərləndirirdi. Nahaqdan deməyiblər ki, kim informasiyaya malikdirsə, bütün dünyanı idarə edir. O zaman ermənilərin təbliğat maşını güclü işləyirdi. Biz isə “sizi sevəcəyik, siz sevməsəniz də” müstəvisində idik. Müğənnilərimiz “Azərbaycan-Hayastan qardaşdır” mahnılarını oxuyurdular. O zamandan Rauf Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırmağa başladı. Dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışdı. Bunları Allahın ona bəxş etdiyi istedaddan faydalanaraq etdi.
Bilirsiniz ki, yaradıcı insanın fikirləri təsir gücünü daha da artırır. Oğlumun bu keyfiyyətləri dövlətimizin düşmənlərinin maraqlarına uyğun deyildi. Onu neytrallaşdırmaq lazım idi. Ona görə də illərlə çalışdılar ki, Raufu həbsə salsınlar. Sonda buna nail oldular. Oğlum 20 aydır həbsdədir. Amma nə qədər çalışsalar da, oğlumun əleyhinə bir sübut belə tapmadılar. Şahidlər onun əleyhinə ifadə vermədilər. Onlara təşəkkür edirəm. Hökm oxunanda Raufun ifadəsini oxudular. O deyirdi ki, beynəlxalq konfransların bəzilərində Qarabağla bağlı müzakirələrdə Azərbaycan tərəfdən kimsə iştirak etmirdi. Bununla belə, müzakirə baş tutmuş sayılacaqdı. Ona görə də belə konfranslarda ölkəmiz adına iştirak etməyi özümə borc bilirdim, mövqeyim rəsmi Bakının mövqeyi ilə üst-üstə düşürdü. Oğlum erməni tərəfinin regionda nə qədər təhlükəli olduğunu sübut etməyə çalışırdı. Təsadüfi deyil ki, Rauf ilk dəfə mitinqə Şuşada “Topxana” meşəsinin qırılması ilə bağlı Bakıda keçirilən etiraz aksiyasında çıxıb. Onda tələbə idi. İlk dəfə üçrəngli bayrağımız meydana gəldi. Raufun vəkili Fuad Ağayev hündür olduğundan bayrağı o tutmuşdu.
O zaman Hökumət Evində nazirlikdə çalışırdım. Bir ana kimi uşaqlarımdan nigaran idim. Onları mitinqdən evə göndərmək istəsəm də getmirdilər. Torpaqlarında bir ağacın kəsilməsini qəbul etməyən bu gənclər vətənizimin namusu, qeyrəti idilər. Bu tarixdir, artıq yazılıb. Yazıya isə pozu yoxdur. Rəhmətlik həyat yoldaşımın oxuduğu son kitabdan sitat gətirəcəm. Mevlana yazır ki, insan əşrəti-məxluqdur. Yəni varlıqların ən şərəflisidir. O, yoxsullaşsa, iftiraya məruz qalsa, həbsə girsə, hətta əsir olsa belə, yenə də başıdik, gözütox, könlü əmin Xəlifə kimi davranmaqdan əl çəkməməlidir. Rauf həbsdə olduğu müddətdə bu keyfiyyətləri özündə göstərdi. Mevlana deyir ki, kainat tək vücud, varlıqdır. Hər şey, hamı gözəgörünməz tellərlə bir-birinə bağlıdır. Ehtiyatlı ol, heç kimin ahını üzərinə götürmə.
““Oğlumu 4 yaşlı övladının gözü qarşısında silahla maşından düşürmüşdülər...”
- Rəfiqə xanım, oğlunuza artıq 6 il cəza verilib. Keçən yarım ay sizin üçün necə keçdi?
- Nəinki mən, bütün qohum-əqrəba növbəti dəfə böyük faciə yaşadı. Bunu gözləmirdik. Çünki onunla bərabər təqsirləndirilən şəxslər artıq azadlıqdadır. Onlar ev şəraitində həbs cəzalarını çəkirlər. Amma oğlum barədə heç bir söhbət də yoxdur. Bu hala çox acıyırıq.
- Məhkəmədə hökmü canlı dinlədiniz. 6 il cəzanı eşidəndə ana olaraq, qəlbinizdən ilk hansı hisslər keçdi?
- Ayaqüstə hökmü axıra qədər dinləməyə çalışdım. Amma 6 ili eşidəndə artıq ayaqüstə dura bilmədim. Elə bil bütün dünya başıma hərlənirdi. Düşünə bilmirdim ki, oğluma 6 il cəza verilib. Raufun həbsindən keçən 20 ay təkcə onun yox, mənim, qohumlarımızın ömrünü apardı.
- Ən ağır maddə və ən yüngül cəza....
- Maddələr arasında böyük təzad var. Amma təəssüf ki, hüquqşünas olmadığımdan bu təzadları müzakirə edə bilmirəm. Onu deyə bilmərəm ki, ağır maddəyə görə yüngül cəza Raufun əleyhinə heç bir sübutun olmadığını göstərir. İstintaq bilirdi ki, övladımın günahı yoxdur. Ona görə də 62-cı maddəni irəli sürdülər. Başqa yol yox idi. 20 ay saxlamışdılar, çıxılmaz vəziyyət kimi belə addım atdılar.
- Yunuslar hökmdən verilən apelyasiya şikayəti ilə azad olundular. Rauf bəyin də hökmündən şikayət veriləcək. Nəyəsə ümid edirsiniz?
- Buna çox inanıram. (Ağlayır). Dövlətimiz oğluma da bu qərarı tətbiq edəcək. Amma onu da deyim ki, oğlumun tam azadlığa çıxmasını istəyirəm.
- Yunuslar kimi şərti cəza ilə çıxarılsa necə?
- Ortada oğluma qarşı ağır ittiham var. Bu ittiham Raufun üzərindən götürülməlidir. Hər kəs üçün çox ağırdır. Oğlum ömrünü vətənə həsr edib. Belə şəxsə qarşı bu ittihamı vermək, özünün dediyi kimi, Allah qarşısında ən böyük günahdır. Təmiz ad dünyada ən qiymətlidir. Ailəmiz üçün də xüsusilə. O adı heç nə ilə əvəz edə bilmirəm. Maddənin tamamilə oğlumun üzərindən götürülməsini istəyirəm. Rauf necə bu dövlət üçün təmiz adla çalışıbsa, yenə də əvvəlki Rauf olmasını istəyirəm. Bu maddənin bir xəyal kimi, onun üzərindən yox olmasını istəyirəm.
- Dekabrın sonlarında Avropadan Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər oldu. Çoxları hesab edir ki, əfv sərəncamında heç bir siyasi məhbusun azad olunmaması və oğlunuzun 6 illik həbsində bu təzyiqlərin rolu oldu...
- Oğlumun nəinki əfvə düşməsini, bəraət qazanmasını istərdim. İlk gündən Raufun atası və mən dövlətimizə müraciət etmişik. Məhkəmə önündə buna ümid edib, hər dəfə qapı açılanda düşünürdüm ki, oğlum oradan çıxacaq. Amma reallıq var. Bu tipli proseslərdə azad olunma ilk instansiya məhkəməsində olmur. Ona görə də ümidlərimi Apelyasiya Məhkəməsinə bağlamışam.
- Rauf bəyin şəxsi həyatı da oxucular üçün maraqlıdır. Birinci evliliyi uğursuz olub. Oğlunuzun ikinci evliliyinə razı idiniz?
- Heç bir ana istəməz ki, övladının ailəsi dağılsın. Amma həyatda hər şey olur. Bəzən ayrılmaq qaçılmaz olur. Rauf da çox ağrı ilə boşanma prosesini yaşadı. Hətta Azərbaycandan getməsinin də səbəbi o idi ki, boşanma prosesi ağrısız keçsin. Çünki Raufun övladları var idi. Onları çox istəyirdi. Boşanma prosesi uzandıqca, uşaqlar sarsıntı keçirirdilər. Ailəsi, dostları onun problemlərini yaxşı bilirdilər. Mənim üçün də oğlumun ailəsinin dağılması faciə oldu. Çünki nəslimizdə belə hadisə ilk idi. Amma bu oldu.
- Qeyd etdiniz ki, övladınızın Türkiyəyə getməsinə evliliyində olan problemlər səbəb olub. Amma onun getməsində siyasi çalarların olduğu deyilir...
- Xeyr, bu doğru deyil. Raufun Türkiyəyə getməsində heç bir siyasi çalar yox idi. Jurnalistikanın nə qədər təhlükəli peşə olduğunu yaxşı bilirsiniz. Amma Rauf dövləti tərəfindən təhlükə heç vaxt hiss etməmişdi. Həmkarları onun getməsinin səbəbini yaxşı bilirlər. O, boşanma prosesinin keçməsi, keçirdiyi hisslərdən sonra özünə gəlməsi üçün Türkiyəyə getdi.
- Qeyd etdiniz ki, məhkəmədə oğlunuzun əleyhinə ifadə verən olmadı. Amma keçmiş arvadının istintaqdakı ifadəsi ilə məhkəmədə elan olunan ifadəsi arasında ciddi təzad oldu...
- Ümumiyyətlə, o, məhkəməyə gəlmədi. Deyə bilmərəm niyə ifadələr arasında təzad oldu. Birinci ifadəsi çox müsbət idi. Amma ikinci ifadə də elə mənfi deyil. Sadəcə, ilk ifadədə Raufu tərifləyib, ikincidə yox. Hətta ilk ifadəsində deyib ki, Rauf mənə xəyanət edə bilər, amma dövlətinə qarşı heç vaxt etməz. Onsuz da onun ifadələrinin nəyəsə kömək edəcəyini düşünmürdüm. Noyabrın 30-da Raufla bizə görüş vermişdilər. Həmin görüşə onun qızı və nəvəsi ilə getdim. Həmin vaxt Raufun keçmiş arvadını iki dəfə məhkəməyə çağırmışdılar, amma gəlməmişdi. Rauf görüşdə qızına dedi ki, mamana de ki, məhkəməyə gəlsin və istədiyi ifadəni versin, burada qəbahət yoxdur. Ondan sonra müraciətim oldu ki, ifadə verən şəxsləri artıq narahat etməyin, nə deyiblərsə, məhkəmədə istifadə edin. Raufun keçmiş yoldaşı haqqında bir mənfi söz də deyə bilmərəm. Çünki ortada övladı var. Elə şeylər var ki, onlar şəxsi problemlərdir, demək olmaz. Raufun həbsində keçmiş ailəsinin heç bir əlaqəsi yoxdur. Çünki bu hadisə 5 il öncə olub. Ondan sonra Rauf Türkiyəyə gedib. Boşanma prosesi vəkil vasitəsilə olub. Oğlum qalmaqaldan daim qaçan insan olub.
- Məşhur Aşurbəyovlar nəslinin nümayəndəsisiniz. Bu nəsildən olan bir adamın ağır şəkildə ittiham olunması sizə əlavə acı yaşatmırmı?
“Rauf maddi maraq uğrunda dövlətini satmaz”
- Artıq hər kəs Raufun Aşurbəyovlar nəslinə aid olduğunu bilir. Məhkəmədə hökm oxunarkən hər cümlənin əvvəlində maddi maraq sözü dayanmışdı. Onlar bu sözləri oxuyanda sanki başıma qaynar su tökülürdü. Raufu demək olar ki, qayınanam saxlayıb. Onun üçün var-dövlət yox, insana hörmət etmək öndə idi. Dövlətimiz Raufun hansı ruhda böyüdüyünü bilməmiş deyil. Rauf maddi maraq uğrunda heç vaxt dövlətini satmaz. Azərbaycanda oğluma çoxlu sayda iş təklifi olurdu. Onun istedadından bəhrələnmək istəyirdilər. Amma Rauf sona qədər qəzetinə sadiq qaldı. Elçin Şıxlıya tez-tez təkliflər gəlirdi. O, etiraz etmir, Raufun şəxsi işi olduğunu deyirdi. Hətta bir dəfə mənə dedi ki, ürəyim əsirdi, Rauf birdən gedər deyə. Rauf üçün azad fikir hər bir maddiyyatdan yüksək idi.
- Oğlunuzun ikinci ailəsi ilə əlaqəniz varmı? Hazırda harada yaşayırlar?
- Raufun ikinci ailəsi İsveçrədə yaşayır. Bu ailədən iki övladı var. Verilən imtiyazlar onların İsveçrədə yaşamaları üçün yetərlidir. Onlarla tez-tez əlaqə saxlayırıq. Uzaqda olsalar da, oğlumun, hər halda, ailəsidir. Raufun ikinci yoldaşı onun tezliklə azadlığa çıxacağına çox inanır.
Sorğu
Yeni dizaynımız necədir?