“Toxun acdan nə xəbəri?!” deyiblər. Ancaq ac da toxa bələd deyil. Ac və toxu aşağılar və yuxarılarla əvəzləsək, yoxsul azəri insanı hələ də o inamını qoruyub saxlayıb ki, dərdini iyerarxiyanın üst pillələrinə çatdırsa, problemləri həll oluna bilər. Sadəcə, bu dərdlər toplusunu tək-tək yox, bir yerə yığışıb, elliklə yuxarıya çatdırmaq lazımdır. Ancaq nə heyf ki, onu dinləyənlərin vədləri söz topasından başqa bir şey deyil.
Məsələn, Ağsuda insanlar günbəgün böyüyən problemlərin cəngindən xilas olmaq üçün yerli İcra hakimiyyətinə üz tutublar. Onların kiçik bir dəstəsini çək-çevirdən sonra icra başçısı qəbul edib. Əslində, bu müraciət formaca da, məntiqlə də tamamilə düzgündür - insanlar son çarə kimi başqa hara müraciət etməlidirlər ki? Mavzoleyə yazmayacaqlar, Pan Gi Muna telefon açmayacaqlar...
Yəni, Ağsu xalqı məhz icra başçısına səslənməliydi ki, bunu da edib. Məni mat qoyan onların bu müraciət və görüşdən sonra qiymətlərin enəcəyinə, iş yerlərinin açılacağına, kredit borclarının qaytarılmasında güzəştlər olunacağına inamlarını hifz etmələridir. Nə vaxtdan icra başçısı bu qlobal problemlərin dərhal həllini tapmaq iqtidarında olub ki? Yerlərdə rəhbərlər ən sadə məişət problemlərinin öhdəsindən belə gəlmək istəmirlər, sanki onların işinin xalqın hətta ən sadə çətinliklərini çözməklə heç bir bağlılığı yoxdur, indi isə ağsulular ən kəskin və tamamilə qeyri-lokal problemlərin aradan qalxacağına ümid ediblər. Daha yaxşısı o olar ki, sitata keçək.
KXCP-nin Ağsu rayon təşkilatının sədri Yaqub Babalı “Yeni Müsavat” qəzetinə deyir ki, görüşdən sonra icra başçısı problemlərin həllinə söz verib: Onun sözlərindən: “Rayonda çoxsaylı problemlər var. Problemlər illərlə yığılıb, qalıb”. Onda məntiqi nəticə alınır: bu illər ərzində icra başçısının həmin problemlərdən xəbəri yoxmuş və yalnız indi məlumat alırmış.
Sonra Babalı deyir: Bizə söz verdilər ki, qısa vaxt ərzində problemlərin həllinə nail olmağa da çalışacaqlar”. Ah, müqəddəs sadəlövhlük!
Problemləri də sadalayır: “İşsizlik, qiymətlərin xalqın iqtisadi durumuna uyğun olmayan şəkildə qaldırılması, sosial yardım problemi, uşaqpulu və sair çoxsaylı problemləri icra başçısına dedik. Ümumi iqtisadi vəziyyət, hüquqsuzluq problemi, vətəndaşın heç yerdə hüququnun qorunmaması kimi məsələlər icra başçısının diqqətinə çatdırıldı”.
Təsəvvür edirsizmi, elə sahə qalmayıb ki, orada problemlər olmasın. Bəs onda Ağsuya icra hakimiyyəti nəyə gərəkdir? Əgər şikayətlər bahaçılıqdan tutmuş işsizliyə, müavinətlərdən tutmuş insan haqlarının tapdaq altına salınmasına qədər bütün sahələri əhatə edirsə, icra hakimi isə tezliklə onları yoluna qoyacağına boyun olursa, onda elə çıxır ki, məmurun xalqın zillətlərindən heç bir xəbəri yoxmuş. Və xəbər tutdu - həll edəcək. Bəlkə hələ camaata onu bu bəlalardan xəbərdar etdiyinə görə təşəkkür də edəcək. Bəs necə, “biliksizlik - zülmətdir, bilik isə nurdur”. Ağsu nura qərq olacaq, xalq da ağ günə çıxacaq.
Sizə elə gəlmirmi ki, icra hakimiyyətindəki o görüş karla lalın söhbətidir? Bir tərəf sevinir ki, çətinliklər arxada qalacaq, ikinci tərəf isə vəd verməyi “növbətçi kəlmə” sayır. Söhbət tamamilə fərqli müstəvilərdə gedir, ortaq nöqtə isə yoxdur. İcra başçısı da həllini vəd etdiyi məsələlərin heç birinin öhdəsindən gəlmyəcəyinin fərqindədir. Axı “tox illər”də açılmayan iş yerlərini o, böhran illərində necə açacaq? Yaxud qiymətləri necə endirəcək?
Görünür, vəd idarəçiliyi mütləqi-hakimliyini davam etdirəcək.
***
Oxşar vədləri icra başçısı siyəzənlilərə də verir. Onlar da dağılışırlar evlərinə. Sonra da xəbər tuturlar: narazı yoldaşlarının bir hissəsi saxlanılıb, rayona isə qoşun hissələri yeridilib. Və yenidən çıxırlar küçələrə.
Yəni, Siyəzəndə də ilkin vədlərə inanmağa meylli olublar. Sonunda isə növbəti etirazları zorla dağıdılıb.
İndi təsəvvür etməyə çalışaq: ölkədə sosial və iqtisadi vəziyyət şəksiz pisləşməkdə davam edir, insanlar narahatdır və narazıdır. Onlar bu şikayət üçün hara üz tutmalıdırlar? Cavabı yuxarıda dedik - icra hakimiyyətinin binasına. Orada onlara irreal və fantastik vədlər verirlər, onlar da dağılışır. Biləndə ki, vədlər havadan asılı qalacaq, yenə toplaşırlar. Ancaq bu dəfə onların toplaşması qeyri-qanuni aksiya elan olunur. Yəni, dağıdılmaq üçün hüquqi paltara bələnir. Xalqla dialoqa getmək variantı istisna olunur.
Başqa alternativ vardımı? Varsa, deyin, lazım olacaq. Ona görə ki, insanları icra hakiminin ünvanına şikayətə aparan səbəblərin heç biri ortadan qalxmayıb. Yəni, yenə şikayətə gedəcəklər, yenə vəd alacaqlar, yenə vədlər doğrulmayacaq və yenə toplaşacaqlar. Yenə də dağıdılacaqlar. Sizcə, bu, “qüsurlu dövrə”, lənətlənmiş həlqə deyilmi? Səbəblər qaldıqca şikayətlər də olacaq. Çünki, problemləri yuxarılara çatdırmağın başqa yolu düşünülüb tapılmayıb.
Ən pis o vaxt olacaq ki, əhali quru şikayətlərin faydasızlığından bezəcək. Ancaq səbəblər qalacaq.
İnsanlar sırf sosial və iqtisadi tələblərlə (xahişlərlə) müraciət edirlər. Bircəcik siyasi şüar yoxdur. Onlara təsir edəcək siyas güc də yoxdur (Həm də ona görə ki, Azərbaycanda müxalif siyasi təşkilat ya partiyalar dekorasiyadır, kağız üstündədir. Onlar özlərini “nəhəng partiyalar” saya bilərlər, ancaq aşağıların arasında nüfuzları şkalanın mənfi göstəricisindədir). Yəni, iş və çörək üçün çıxan insanlara siyasi damğa vurmaq özünü aldatmaqdır.
Bölgələrdəki etirazlar haradasa düz 111 il əvvəl çar 2-ci Nikolayın yanına xahişlə yollanan, çarın hər şeyi yoluna qoyacağına inanan rus fəhlələrinin hərəkətinə bənzəyir (Düzdür,nəticələr fərqlidir. Üstəlik, o vaxt onların başında təşkilat və keşiş Qapon dururdu). Onlar sırf sosial şüarlarla gəlmişdilər və çarın ədalətinə inanırdılar. Və elə çar da onların inamını birdəfəlik öldürdü...
Sorğu
Yeni dizaynımız necədir?