Şamaxı şəhəri, 6 saylı Tam orta məktəbin direktoru vəzifəsində işləmiş Xanlar Rəhimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Xanlar Rəhimzadə Şamaxı şəhəri, 6 saylı Tam orta məktəbin direktoru vəzifəsində işləyərkən qohumluq münasibətində olduğu Qənirə Quliyevanı işə qəbulu üçün heç bir yazılı və ya şifahi müraciəti, həmçinin məlumatı olmadığı halda məktəbdə xadimə kimi işə təyin olunmasını rəsmiləşdirib.
O, Qənirə Quliyevanın adına 1 aprel 2006-ci il tarixdən 12 sentyabr 2010-cu il tarixədək hər ay müvafiq əmək haqqı hesablanmasını təmin edib. Qənirə Quliyevanın adına olan və özündə saxladığı “Kapitalbank” ASC-nin plastik kartı ilə Şamaxı şəhəri ərazisindəki bankomatlardan götürüb və özünün şəxsi ehtiyaclarına sərf edib. O, cəmi 5157,11 manat pulu mənimsəyib.
Bundan başqa, o, həmin vəzifədə işləyərkən Şamaxı şəhər sakini Marina Kərimovanı xadimə kimi işə qəbul etdirib və onun adına yazılmış 2825,45 manat pulu ələ keçirib.
Xanlar Rəhimzadə Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham edilib. Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Xanlar Rəhimzadə 2 min manat miqdarında cərimə olunub.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Xanlar Rəhimzadənin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun protesti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Teymur Əsədov çıxış edib. O, bildirib ki, birinci instansiya məhkəməsi Xanlar Rəhimzadəyə cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmayıb. Prokurorlun sözlərinə görə, məhkəmə Cinayət Məcəlləsinin 72.1-ci maddəsinin tələblərini nəzərə almadan Xanlar Rəhimzadənin cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı deyil: “Birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin tələblərinə riayət etmədən vurulmuş ziyanın tam ödəməsini, zərərçəkmiş hüqüqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəza təyini zamanı yüngülləşdirən hal kimi nəzərə alıb. Xanlar Rəhimzadə tərəfindən qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsədikdən sonra həmin vəsaiti könüllü deyil, barəsində cinayət təqibi başlandıqdan sonra ödəyib”.
Prokuror daha sonra qeyd edib ki, məhkəmənin cəza təyini zaman Xanlar Rəhimzadəyə verilmiş ittihamın öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını təkrarən mənimsəməklə törətməsini nəzərə alınmayıb: “Belə olan halda məhkəmə Xanlar Rəhimzadənin ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb. Cəza
təyini zaman məhkəmə Xanlar Rəhimzadənin iş yerindən müsbət xarakterizə olunmasını nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmayıb. Yalnız onun iş yerində müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənıb. Lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməyib”.
Prokuror çıxışının sonunda Xanlar Rəhimzadənin barəsində təyin edilmiş hökmün ləğv edilməsini, onun məhkəmə zalından həbs edilməsini istəyib. Amma sonda qərar qəbul edən hakim heyəti prokurorluğun protestini təmin etməyib.
Sorğu
Yeni dizaynımız necədir?