Bakı Apelyasiya Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Əlisamit Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bir müddət əvvəl həbsdən çıxan 41 yaşlı Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər. Bundan sonra qohumlar arasında mübahisə düşüb.
Qızın qardaşı, 51 yaşlı Əlisamit Zeynalov Əliağanın evinə gələrək pəncərədən içəri daxil olub. Əlisamit yatmış vəziyyətdə olan əmisi oğluna balta ilə bir neçə zərbə endirib. Əliağanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Əlisamit Zeynalov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əluisamit Zeynalov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlisamit Zeynalov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əlisamit Zeynalovun apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?