Bakı Apelyasiya Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Qüdrət Əbilovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində yerləşən Ordubad kafesində baş verib. Kafenin müştərisi olan Q.Əbilov spirtli içkinin təsiri altında kafedə olan qohumlar Zamin və Elvin Əliyevlərlə mübahisə edib. Mübahisə zəminində Q.Əbilov hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb və həyatları xilas edilib.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü
(xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Bu il iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyir.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Q.Əbilovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?