Azərbaycanın Təbrizdəki baş konsulluğunda 20 Yanvar hadisələri ilə əlaqədar anım mərasimi keçirilib.
Baş konsulluqdan Report-a verilən məlumata görə, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş konsul Əli Əlizadə 20 Yanvar tarixinin Azərbaycan xalqı tərəfindən kədər və eyni zamanda qürur hissi ilə daim yad edildiyini bildirib. Baş konsul, erməni əsilli xüsusi təyinatlılardan təşkil olunmuş sovet imperiyasının ordusu tərəfindən amansızcasına törədilən 20 Yanvar qətliamının, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini sındırmaq məqsədi ilə yanaşı, tarix boyu Azərbaycana qarşı aparılan proseslərin davamı olduğunu vurğulayıb. Əli Əlizadə 20 Yanvar hadisələri ilə başlayan xalqımızın azadlıq mübarizəsinin sonda öz bəhrəsini verdiyini, Azərbaycanın imperiyanın tərkibində saxlanılması cəhdlərinin baş tutmadığını və Azərbaycanın 1 il sonra yenidən öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdıraraq, müstəqilliyimizin qazanılmasında canlarını fəda vermiş Azərbaycanın şəhidlərinin daim yaddaşlarda yaşayacağını vurğulayıb.
Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan süfrəsi verilib, hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu vərəqələr, DVD filmlər, qəzet, kitab və digər əyani materiallar mərasim iştirakçılarına paylanıb.
Mərasimdə, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, Türkiyənin Təbrizdəki baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?