Ağdam RTŞ-nin müdiri Elmira Şükürovanın korrupsioner fəaliyyəti
Sizə təqdim edəcəyimiz böyük korrupsiya faktları ölkəninin bütün rayon təhsil şöbələrində baş verir və nəticədə dövlətin milyonlarla manat vəsaiti mənimsənilir. Bunun isbatı üçün və mənimsəmə faktlarının miqyasını anlamaq üçün sadəcə təhsil şöbəlinə ayrılan tenderlərin siyahılarına diqqət etmək yetərlidi. Uzun illərdir ki, Maliyyə Nazirliyinin məsul şəxsləri məhz təhsil və səhiyyə sektorlarında keçirilən tenderlərin vasitəsi ilə dövlətin milyonları mənimsənilir və bu korrupsiya faktları isə məhz Maliyyə Nazirliyndən idarə olunur. Yəni dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirməli olan Maliyyə Nazirliyi büdcə vəsaitini oğurlayanların müdafiəçisi rolunda çıxış edir. Lakin bu hələ hamısı deyil. Məhz Maliyyə Nazirliynin göz yumması nəticəsində dövlətin müxtəlif qurumlarında dövlət vəsaitlərinin mənimsənilməsi üçün minlərlə «ölü can» çalışır. Ağdam təhsil şöbəsində baş verən inanılmaz korrupsiya faktları ilə bağlı pia.az saytı məaraqlı məlumatlar dərc edib. Həmin məlumatlar həddindən artıq çox olduğuna görə bir neçə hissədə oxucularımıza təqdim ediririk: «Ağdam RİH 2009/2010-cu dərs ilinə hazırlıqla əlaqədar Ağdam RTŞ-nin tabeliyində olan təhsil müəssisələrində yoxlama aparıb. Elə həmin ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də Ağdam RTŞ-nin həm özündə, həm də tabeliyində olan təhsil müəssisələrində kompleks yoxlamalar aparıb və bu yoxlamada Təhsil Nazirliyinin əməkdaşları da iştirak edib. Bu yoxlamalara aid sənədləri əldə etdik, araşdırdıq və bu faktlar əsasında əlavə araşdırma apardıq. Məlum oldu ki, həmin yoxlamalar zamanı Ağdam RTŞ-nin və onun tabeliyində olan müəssisələrin fəaliyyətində çox ciddi qanun pozuntuları və korrupsiya faktları (496 min 161 manat 80 qəpik) aşkar edilmiş olsa da, Maliyyə Nazirliyi tərəfindən bu faktlar ictimaiyyətdən və hüquq-mühafizə orqanlarından gizlədilmiş, eyni zamanda, bir çox daha ciddi faktlar, hansı səbəbdənsə, korrupsiya faktı kimi qiymətləndirilməmişdir. “Faktların danışması” oxucuda daha aydın təəssürat yarada bilər: 1. Tərtər rayonunun Köçərli kəndində fəaliyyət göstərən 8 saylı köçkün orta məktəbdə 2008/2009-cu dərs ilinin yekunlarına aid araşdırma aparılarkən məlum olmuşdur ki, məktəb üzrə 43 şagirddən cəmi 20 nəfəri ağdamlı məcburi köçkündür. Ərazidə cəmi 20 nəfər ağdamlı köçkün şagird olduğu halda, 8 saylı köçkün orta məktəbin açılması tamamilə qanundan kənardır və 15 il müddətində bu məktəb vasitəsilə qeyri-qanuni olaraq 500 min AZN-dən çox büdcə vəsaiti mənimsənilib. Maraqlıdır ki, bu fakt Maliyyə Nazirliyinin yoxlama briqadasının “diqqətindən yayınıb” və haqqında müvafiq tədbir görülməyib. 2. Ağdam RTŞ-nin RİH-nə verdiyi arayışda göstərilir ki, İmişli rayonunun Bəcrəvan kəndində fəaliyyət göstərən 123 saylı Ağdam köçkün əsas məktəbi köçkün əhalinin kütləvi şəkildə Şəki rayonuna köçməsi ilə əlaqədar 2004/2005-ci dərs ilinin əvvəlində bağlanıb. Ağdam RİH bu miqrasiya barədə “Dövlətqaçqınkom”un Şəki rayonu üzrə nümayəndəliyinə sorğu vermiş və cavabında “Dövlətqaçqınkom”un Şəki rayonu üzrə nümayəndəliyi belə bir miqrasiyanın baş vermədiyini rəsmi olaraq cavablandırıb. Bu fakt təsdiq edir ki, İmişli rayonunun Bəcrəvan kəndində fəaliyyət göstərən 123 saylı Ağdam köçkün əsas məktəbi 1994-cü ildən 2004-cü ilədək ancaq kağız üzərində mövcud olmuş və bu saxta məktəb vasitəsilə 10 il müddətində 100 minlərlə vəsait mənimsənilmişdir. Təəssüf ki, bu fakt da Maliyyə Nazirliyinin yoxlaması zamanı “diqqətdən yayınıb”. 3. Tərtər rayonunda təşkil edilmiş 147 saylı əsas məktəbdə araşdırma apararkən məlum olub ki, məktəb üzrə cəmi 41 nəfər şagirddən 11 nəfəri ağdamlı, 30 nəfəri isə Tərtər və digər rayonlardandır. 11 nəfərlə bir əsas məktəb açmağa qanun yol vermir və ona görə də 15 il müddətində saxta yollarla alınmış 500 min manat civarında vəsait dövlət xəzinəsinə qaytarılmalı və cinayət əməlinin iştirakçıları məsuliyyətə cəlb edilməli idi. Lakin araşdırma zamanı məlum oldu ki, bu məsələ də Maliyyə Nazirliyinin yoxlama briqadasının “nəzərindən qaçıb”. 4. Dördyol ərazisində təşkil edilmiş 82 saylı köçkün əsas məktəbdə araşdırma aparılarkən məlum olub ki, həmin ərazidə fəaliyyət göstərən 14 saylı Texniki Fənlər Təmayüllü Məktəb-Liseyin I-VIII siniflərində olan şagirdlərin adları olduğu kimi 82 saylı köçkün əsas məktəbinin I-VIII sinif jurnallarına yazılmış və saxta məlumatlar əsasında ikinci bir əsas məktəb açılıb. Bu fakt aşkarlandıqdan sonra da həmin məktəb bağlanmayıb və korrupsiya fəaliyyətinin davam etdirilməsinə şərait yaradılıb. Təkcə bu fakt əsasında 15 il müddətində mənimsənilmiş büdcə vəsaiti 500 min AZN civarındadır ki, Maliyyə Nazirliyi bu vəsaitin də dövlət xəzinəsinə qaytarılmasını “diqqətdən qaçırıb”. 5. 2009-cu ildə aparılmış yoxlamanın nəticəsində məlum olub ki, Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 10 may 1994-cü il tarixli,181 saylı qərarının 2-ci bəndinin tələbinə əsasən orta aylıq əmək haqqı ilə təmin edilənlərdən 199 nəfəri sonradan, yəni 2001-ci ildən siyahıya əlavə edilərək 10 il müddətində onlara qeyri-qanuni orta aylıq əmək haqqı verilib. Lakin yoxlama dövründə Maliyyə Nazirliyinin əməkdaşları onlardan 15 nəfərin faktiki fəaliyyət göstərdikləri iş yerini müəyyən edə bildiklərinə görə Ağdam RTŞ yalnız onlara verilən orta aylıq əmək haqqını dayandırıb. Eyni zamanda məlum olub ki, bu 15 nəfərin əksəriyyəti elə Ağdam RTŞ-nin tabeliyində olan təhsil müəssisələrində çalışır və eyni mühasibatlıq onlara ikiqat əmək haqqı ödəyir. 2010-cu ildə isə “yuxarı orqanların” tapşırığı əsasında və çox qısa bir müddətdə Ağdam RTŞ-nin özü həmin qəbildən olub qeyri-qanuni ikiqat əmək haqqı alan 70 nəfərdən çox müəllimi “aşkarlayaraq” adını ümumi siyahıdan çıxardıb. Hələ bundan sonra da Maliyyə Nazirliyinin orta aylıq əmək haqqının verilməsini qeyri-qanuni hesab etdiyi və onlara orta aylıq əmək haqqı verilməsinin dayandırılmasını tələb etdiyi 199 nəfərdən, təxminən, 114 nəfərin adı orta aylıq əmək haqqı alanların siyahısında saxlanır. 6. Faktlar göstərdi ki, ixtisassız adamların pedaqoji vəzifələrə təyin edilməsi, bilavasitə, korrupsiya faktoru ilə əlaqədardır. Şübhəsizdir ki, ixtisaslı pedaqoji kadrlar işədüzəlmə məsələsində çətinliklərlə qarşılaşdığı halda, ixtisassız adamların qeyri-ixtisas sahəsinə işə götürülməsi havayı başa gəlmir və bilavasitə korrupsiya amili ilə əlaqədardır. Nümunə üçün misallar: • Saxta əsaslarla açılmış və Tərtər rayonunun Köçərli kəndində fəaliyyət göstərən 8 saylı köçkün orta məktəbdə Qənbərova Ema Məmmədağa qızı Gəncə Yüngül Sənaye Texnikomunu bitirdiyi halda, Ağdam RTŞ-nin rəhbərliyi 15.09.2004-cü il tarixli, 112 saylı əmri ilə onu 8 saylı köçkün orta məktəbə sinif müəllimi təyin edib. • Atakişiyeva Həvva Məcid qızı Azərbaycan Bilik Cəmiyyəti “Sənət” Tədris Kommersiya Mərkəzinin 6 aylıq kurs şəhadətnaməsi ilə 8 saylı köçkün orta məktəbinə sinif müəllimi təyin edilib. • Araşdırma zamanı məlum olmuşdur ki, Ağdam RTŞ-də psixoloq təhsili olmayan 34 nəfər psixoloq vəzifəsinə təyin edilib və təkcə bu hala görə 2008/2009-cu tədris ilinin 8 ayı ərzində dövlət büdcəsindən 92 min 802 manat 70 qəpik dövlət əmlakı mənimsənilib.
Sorğu
Yeni dizaynımız necədir?