Ağdamda 20-dən artıq məktəb yalnız kağız üzərində mövcuddur; Rayon təhsil şöbəsinin müdirini «Oksigen» klinikası ilə nə bağlayır?
«Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova rayon təhsilini viran qoyub, yetişməkdə olan gənc nəslin elmə, biliyə olan marağının hər ötən gün bir qədər də azalmasına səbəb olur». Bu, Elmira Şükürovanın yol verdiyi ciddi nöqsanlardan şikayətçi olan bir qrup Ağdam rayon sakininin məsələ ilə bağlı redaksiyamıza ünvanladığı müraciətdən bir hissədir. Hazırda rayon təhsil müəssisələrində saxta diplomlu müəllimlərin çalışdığını bildirən Ağdam sakinləri iddia edirlər ki, onların bir qismi Rusiyada yaşasalar da, adları jurnallarda qeyd olunur: «İndiyədək bu və digər məsələlərlə əlaqədar mətbuat vasitəsilə Ağdam Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər müvafiq strukturlara lazımı məlumatlar verilsə də, hələ ki, heç kim Elmira Şükürovanın fəaliyyətini araşdırmaq istəmir, ya da buna cürət etmir. Məhz elə buna görə də Ağdam Rayon Təhsil Şöbəsinin müdiri yol verdiyi nöqsanlara, yaratmış olduğu problemlərə rəğmən, hələ də vəzifə başındadır». Bu gün Ağdam rayonunda fəaliyyət göstərən əksər təhsil müəssisələrində psixoloq, laborant, kitabxanaçı ştatlarının yalnız kağız üzərində mövcud olduğunu qeyd edən şikayətçilərin sözlərinə görə, müəllimlərin məvaciblərindən hər ay müəyyən məbləğ kəsilir: «Bu gün rayonda 142 ümumtəhsil məktəbi və başqa tipli məktəblər fəaliyyət göstərir. Onların 55-i rayonun özündə, 87-si isə köçkün məktəb kimi müxtəlif rayonlarda yerləşir. Ağdam məktəblərinin on doqquz minlik şagird kontingentinin, dörd minlik pedaqoji heyətinin taleyi Elmira Şükürovaya etibar edildiyi üçün o, rayon təhsilini müvafiq qaydalarla deyil, məhz özünün tətbiq etdiyi üsullarla idarə edir. Bu isə həm şagirdlərin, həm onların valideynlərinin, həm də təhsil sahəsində çalışan şəxslərin kəskin etirazına səbəb olur. Ancaq şöbə müdiri buna məhəl qoymadan öz bildiyini etməkdədir. Görünür, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri kiməsə arxalandığı üçün bu qədər sərbəst şəkildə fəaliyyət göstərə bilir. Əgər belə olmasaydı, o zaman Ağdam təhsilinə erməni işğalçılarından daha çox qənim kəsilən Elmira Şükürova indiyədək çoxdan əməllərinə görə sorğu-sual olunmuşdu». Şöbə müdirinin əksər məktəb direktorlarını təngə gətirdiyini vurğulayan rayon sakinlərinin iddiasına görə, Elmira Şükürova nazir müavinlərindən birinin himayəsi altında olduğundan Ağdam Rayon Təhsil Şöbəsinin maliyyə maxinasiyaları və digər qanunsuz hərəkətləri ört-basdır edilir. Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Elmira Şükürova əslən kəlbəcərlidir və onun arxalandığı şəxslərdən biri hüquq-mühafizə orqanlarında məsul vəzifədə çalışır. Belə ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdirinin millət vəkili, «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyevin sahibi olduğu «Oksigen» Klinik Xəstəxanası ilə yaxın əlaqəsinin olduğunu bildirən mənbənin sözlərinə görə, Elmira Şükürovanın oğlu adıçəkilən tibb müəssisəsində çalışır: «Elmira Şükürovanın oğlu ixtisasca tibb işçisi - həkimdir. O, Əhməd Vəliyevlə yaxın əlaqələrə sahib olmasından istifadə edərək oğlunun «Oksigen» Klinik Xəstəxanasında çalışmasına nail olub». Hər tədris ilinin sonunda Ağdam rayonunda çalışan müəllimlərdən iki ədəd fotoşəkil və 3 manat pulun yığıldığını deyən məlumatlı şəxs qeyd edir ki, rayon təhsil şöbəsindən hər dəfə bunun elektron kataloq üçün edildiyi bildirilir: «Lakin indiyə kimi nə kataloq hazırlanıb, nə də pul yığımına son qoyulub. Nəzərinizə çatdırım ki, Ağdam məktəblərinin heç birində psixoloq, laborant, kitabxanaçı yoxdur. Lakin onların adları ştat cədvəlində qeyd olunur, məvaciblərini isə direktorlar alır. Ümumiyyətlə, hazırda rayonda 20-dən artıq məktəb yalnız kağız üzərində mövcuddur...»
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?