Ötən ilin dekabrında həbs edilən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin və qudası Eldar Mahmudovun bütün əmlaklarına əl qoyulub və satışa çıxarılır. gundemxeber.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var. Qəzetə məlumat verən mənbə deyib ki, xüsusi istintaq qrupu Eldar Mahmudovu və onun ailə üzvlərini bir neçə dəfə dindirib. Əsas məqsəd isə MTN nazirin son 10 il ərzində sahibləndiyi mal-mülkün - bunların sırasında xarici bank hesabları da var - siyahısını müəyyənləşdirməkdir. İddia olunur ki, Eldar Mahmudovun oğlunun Londonda üzə çıxan 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü, sadəcə, istintaq üçün bir “yem” kimi ortaya atılıbmış. Amma məlum olub ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrində, əsasən İspaniya və Çexiyadadır. Əmlaklar istisnasız olaraq Mahmudovlar ailəsinin üzvlərinin adına olduğu üçün onları üzə çıxarmaq xüsusi çətinlik yaratmayıb. Ayyarım əvvəl Mahmudovun oğlu istintaq qrupunun dörd əməkdaşının nəzarəti altında ölkəni tərk edib və siyahı üzrə araşdırma başlayıb. İstintaqdan məlumatlı şəxs deyib ki, Mahmudovların Avropadakı əmlakları, sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır. Xəbərə görə, hələ ki mülklər satışa çıxarılmır, içərisindəki inventarlar siyahılaşdırılır, hər tərəfi didik-didik axtarılır. Güman etmək olar ki, istintaq onlar üçün maraqlı olan hansısa kompromat materialları da axtarır. E.Mahmudovun Rusiyada tikinti biznesinin olduğu bildirilir. Bu bizneslə bağlı da bir müddətdir araşdırma başlayıb və bu işə Rusiya hüquq-mühafizə orqanlarının da ciddi dəstək verdiyi gələn xəbərlər sırasındadır. Paralel olaraq Mahmudovların Azərbaycandakı bütün əmlakları və şirkətləri də tam siyahılaşdırılıb. Sabiq nazirin ailəsinə məxsus “Caspian Crystal” holdinqinə daxil olan restoranlara, mağazalara, avtosalonlara, villalara, hətta tikintisi yarımçıq qalmış mülklərə belə “əl qoyulub”. “Bu, eynilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonrakı proseslərdir. Eldar Mahmudovdan qazandığı və gizlətdiyi hər şeyi geri istəyirlər” deyə, mənbə bildirib. Mahmudovun xəstə olması barədə yayılmış məlumatlara gəlincə, mənbə bunu təsdiqləmir. “Eldar Mahmudovun səhhətində əvvəllər də problem olmayıb, indi də özünü normal hiss edir” deyə, bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?