Namizəd Səfərov: " Belə çıxır ki, qanunun cinayət törətmiş nazirə gücü çatmır"
"MTN işi" çərçivəsində bir çox şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq, sabiq nazir Eldar Mahmudovun hələ də azadlıqda qalması ictimai rəydə təəccüb və çaşqınlıqla qarşılanmaqdadır. Vətəndaşların bir çoxu hesab edir ki, bütün hallarda E.Mahmudovun nazir kimi MTN-də baş verənlərdə məsuliyyət payı mövcuddur. Çünki bütün qanunsuzluqlar məhz E.Mahmudovun rəhbərliyi dönəmində, onun tabeçiliyində olan şəxslər tərəfindən törədilib. Maraqlıdır, E.Mahmudovun hələ də həbs edilməməsi nə ilə bağlıdır? Bunun hüquqi-məntiqi izahı varmı? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşunas Namizəd Səfərov E.Mahmudovun hələ də məsuliyyətə cəlb edilməməsinin təəccüb doğurduğunu vurğuladı. Hüquqşunasın sözlərinə görə, bu, Azərbaycanda heç də hər kəsin qanun qarşısında bərabər olmadığını göstərir: "MTN hadisəsi ilə bağlı dəfələrlə öz çıxışlarımda, sosial şəbəkələrdə fikirlərimi açıq şəkildə ortaya qoymuşam və bildirmişəm ki, bunun özü çox təəccüblü bir haldır. Bu qədər özbaşınalıqların, cinayətlərin baş alıb getdiyi idarənin rəhbərinin hələ də azadlıqda olmasına təəccüblənməmək mümkün deyil. MTN-də hansı cinayətlərin baş verdiyi mətbuatda yer alan məlumatlardan hər kəsə bəllidir. Onların bir qismi həbs olundu, bir qismi vəzifədən azad edildi. Bəzi MTN əməkdaşları isə həbs olunduqdan sonra intihar etdilər. Bunca cunayət və özbaşınalıqdan MTN rəhbərinin məlumatsız olması mümkün deyil. Bu məsələdə onun məsuliyyət payı var. E.Mahmudovun hələ də məsuliyyətə cəlb edilməməsi, bütün ölkədə təəccüblə qarşılanmaqdadır. Şəxsən mən bunu tamamilə qanunsuzluq kimi dəyərləndirirəm. Belə çıxır ki, qanunun cinayət törətmiş nazirə gücü çatmır. Bunu başqa cür izah etmək mümkün deyil. Cəmiyyətdə yayılan söz-söhbətlərə görə, keçmiş nazir bəzi mətləblərin üstünü açacağı ilə hədələyərək öz həbsini əngəlləyir. Bu gün görünən, hər kəsin anladığı bu həqiqətdir. İstər nazir, istər nazir müavini olsun - bu cinayətlərdə əli olan, məsuliyyət payı olan hər kəs məsuliyyətə cəlb edilməli, qanun qarşısında cavab verməlidir. Harda yazılıb ki, iri məmurlar törətdikləri qanunsuzluqlara görə məsuliyyət daşımır, yalnız xırda və orta məmurlar məsuliyyətə cəlb edilir? Bu, necə məntiq, bu necə yanaşmadır? Bu, qanunun heç də hər kəs üçün işləməməsi, qanun qarşısında heç də hər kəsin eyni olmadığının təsdiqidir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?