Axı biz bütün səviyyələrdə demokratik dövlət qurduğumuzu bəyan edirik. Gənc demokratlar Hərəkatının sədr müavini Rövşən Bəşirovla müsahibə.
Rövşən bəy, yeni təşkilatın hədəfləri ilə bağlı ictimaiyyətə kifayət qədər mesajlarınızı ötürmüsünüz. Ümumiyyətlə ölkədəki vəziyyəti ictimai-fəal gənc kimi, gənclər təşkilatının nümayəndəsi olaraq necə dəyərləndirirsiniz?
- Təşkilatımız “Gənc demokratlar Hərəkatı” adıyla ölkədə demokratik prinsiplərin təbliği və həyata keçirilməsini qarşıya məqsəd qoymuş bir ictimai birlikdir. Biz Azərbaycanda söz azadlığının, dini azadlığın, vicdan azadlığının, müstəqil mətbuatın, sərbəst düşüncəli gənclərin yetərincə olmasını, korrupsiyanın, qohumbazlığın, süründürməçiliyin, işgəncənin, siyasi həbslərin olmamasını istəyirik. Deməli əgər nəyisə arzu ediriksə o yoxdur, nəyi istəmiriksə deməli o var. Biz pislərin yox olmasını və yaxşıların olmasını arzulayırırq. Təkcə arzulamırıq, bu yolda mübarizə aparırıq. Biz istəyirik ki, Azərbaycanın yaxşı gələcəyi olsun, fərqli fikirlər olsun ki, insanlar fərqli fikirdən yaxşını, pisi seçə bilsinlər. Cəmiyyətdə elə bir müstəvi olmalıdır ki, orada insanlar hər şeyi, pisi, yaxşını seçə bilsinlər.
Sizcə, ölkədə fərqli fikir, mətbuat, siyasi alternativlik, yaradıcı gənclər yoxdurmu?
- Təbii ki, yoxdur. Ölkədə necə fərqli fikir var ki, İlqar Məmmədov kimi siyasi opponent həbsdədir? Ölkədə necə insan hüquqları müdafiə oluna bilər ki, İntiqam Əliyev həbsxanadadır. Ölkədə necə müstəqil mətbuat ola bilər ki, Xədicə İsmayıl yazılarına görə cinayət məsuliyyətinə cəlb olunub. Gənclərin yaradıcı olması üçün onlar müstəqil düşüncəli olmalıdırlar. Əgər gənclər işsizdirlərsə, onlar ictimai fəaliyyətlə, siyasi fəaliyyətlə məşğul ola bilmirlərsə, hətta buna görə təqibə məruz qalırlarsa deməli yaradıcılıq imkanları zəifləyəcək. NİDAçıların başına gələnləri xatırlamaq kifayətdir. Ölkəmizdə görünən nə varsa məhz göstərmək üçündür. Niyə biz dövlətin mətbuatından, rəsmi şəxslərdən yüksək nailiyyətlər haqqında məlumatlar alırıq, ətrafımızda bu nailiyyətləri görmürük? Deməli ölkədə plüralizm, fərqli fikir yoxdur. Çünki, fərqli heç nəyə dözüm yoxdur. Hal-hazırda bizə yeni yaranan bu təşkilatın adıyla bağlı çoxlu suallar olunur, niyə təşkilatın adı demokratlar hərəkatıdır, axı bu ad qıcıq yaradacaq. İndi mən sual edirəm, niyə demokratiya hərəkatı anlayış olaraq qıcıq yaratmalıdır? Axı ad seçmək, təşkilat təsis etmək, birləşmək və s. bizim konstitusiyada təsbit edilmiş hüququmuzdur. Axı biz bütün səviyyələrdə demokratik dövlət qurduğumuzu bəyan edirik. Niyə, Ədliyyə Nazirliyi bizim bu hüququmuzu əlimizdən alaraq bizə qeydiyyat problemi yaratmalıdır?
Rövşən bəy, əsasən sadaladığınız problemlərin həllini nədə görürsünüz?
- Suala iki aspektdən cavab vermək olar. Birincisi, hökumət nələr edə bilər?, bu çox asan olan bir prosedurdur. Belə ki, hökumət siyasi iradə nümayiş etdirərək siyasi məhbus məsələsini, QHT-lərin problemlərini, siyasi məhbus məsələsini, dini inanclı insanların azad olunmasını həll edə bilər. Eyni zamanda beynəlxalq aləmlə, xüsusilə ABŞ və Avropa Birliyi ilə münasibətləri yumşalda bilər. İkincisi, biz nələr edə bilərik və ya nə etməliyik?. Biz gənclərin öz hüquqları, demokratik prinsiplər uğrunda mübarizə aparmasına dəstək verməliyik ki, onların və hər bir kəsin konstitusion hüquqları tanınsın. Eyni zamanda ictimai təşkilat olaraq insan hüquqlarının qorunması istiqamətində lazımi addımlar atılması üçün fəaliyyətimizi gücləndirməliyik. Xüsusilə gənclərin maarifləndirilməsi, demokratik dəyərlərin təbliği olduqca vacibdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?