Rusiya Ermənistana rus hərbi ləvazimatları almaq üçün 200 milyon dollarlıq güzəştli kredit ayırıb. Müqaviləyə əsasən, Ermənistan Rusiyadan müxtəlif növ hərbi ləvazimatlar alacaq.
Rusiyanın attığı bu addımı hərbi ekspert Üzeyir Cəfərov 7News.Az-a şərh edib:
"Əslinə qalsa bu yeni məlumat deyil, indiyə qədər aldığımız məlumatların davamıdır. Rusiya qeyri-səmimiliyini davam etdirir. ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə işğalçını silahlandırır. İqtisadi vəziyyəti pis olan Ermənistana bu cür ağır silahların verilməsi aydın məsələdir ki, yaxşı niyyətdən irəli gəlmir. Rusiya birmənalı olaraq Cənubi Qafqazda öz "for postu" olan ölkəni silahlandırır. Bu, həm bu silahlardan gələcəkdə qardaş Türkiyəyə, həm də Azərbaycana qarşı istifadə etmək niyyətindən irəli gələn bir addımdır. "Smerç" reaktiv artilleriya sistemləri, bu sistemə aid sursat, "İqla" zenit-raket kompleksləri, yerüstü radiotexniki "Avtobaza-M" kompleksləri, TOS-1A tipli atəş sistemi, idarəolunan raketlər, RPQ-26 qranatamyotları, "Tiqr" zirehli maşınları və "Draqunov" snayper tüfəngləri, hərbi-mühəndis qurğuları və hərbi maşınları Ermənistana satmaq ondan irəli gəlir ki, Rusiya işğalçıya şərait yaratmaqda davam edir.
Bundan əlavə, dünən Rusiya XİN-nin rəsmi nümayəndəsi Marina Zaxarova deyib ki, Rusiya artıq ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac görmür. Bu gün Azərbaycan XİN çox sərt bir bəyanat verməlidir. Rusiya, o cümlədən ATƏT-in Minsk qrupunun digər həmsədrləri indiyə qədər hansı nailiyyət əldə ediblər ki, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac görmürlər? Minsk Qrupunun formatını da dəyişdirmək lazımdır və lazım olarsa Azərbaycan ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığa son vermək məsələsini belə gündəmə gətirməlidir. Onlar açıq şəkildə oyun oynayırlar, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquq və normalara hörmətsizlik göstərirlər. ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya guya "sülhyaratma" missiyası ilə məşğuldur və eyni zamanda işğalçını ağır silahlarla silahlandırır. Münaqişə tərəflərinə silah satılmaması ilə bağlı razılıq var və buna baxmayaraq eyni zamanda Ermənistana ağır silahlar verilməkdə davam edir.
Biz bilirdik ki, 2016-cı ilin ikinci yarısında Rusiya tərəfindən Ermənistana döyüş helikopterləri və təyyarələri veriləcək. ABŞ və Qərb ölkələri fəallıq göstərməlidir. Onlar susurlar, ruslar da nə istəyirlər, edirlər. İşğalçı silahlandırılır, biz isə gecikirik. Azərbaycan gecikməməlidir".
Qeyd edək ki, Rusiya bir il öncə də Ermənistana silah alması üçün 200 milyon dollarlıq kredit vermişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?