Xəbər verdiyimiz kimi, Rusiyanın Ermənistana 200 mln. dollar dəyərində silah göndərməsi ilə əlaqədar rəsmi Bakı Moskvaya etiraz notası göndərib. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursatı, o cümlədən hücum silahlarını Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirməsi barəsində təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz üzərinə düşən beynəlxalq hüquqi öhdəliklərini və silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur. Ermənistanın Azərbaycan ərazilərini işğalının davam etməsi və işğal edilmiş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir, deyə Hacıyev bildirib.
Azərbaycan tərəfi ixracatçı tərəfin – Rusiyanın bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanət verəcəyini gözləyir, deyə Azərbaycan XİN nümayəndəsi qeyd edib. Qeyd edək ki, Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair imzalanan saziş dünya mediasında da ciddi müzakirələrə səbəb olub. Rusiyanın ağır maliyyə durumu səbəbindən bu krediti ayırmaq imkanında olmadığı bildirilirib. Ancaq bir müddət öncə ilk ödənişin 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verildiyi açıqlanıb. Sənədə edilmiş əlavəyə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İqla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, TOS-1A ağır odatanları, 9M113M idarəolunan raketləri, RPG-26 qumbaraatanları, Draqunov snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq. Həmçinin, Rusiya Ermənistandakı aviabazasına dördüncü nəsil “MiQ-29", modernləşdirilmiş ”MiQ-29S" və modernləşdirilmiş “Mi-8MT” nəqliyyat helikopterləri göndərib.
Rusiyanın Ermənistana növbəti dəfə böyük həcmində silah-sursat vermək qərarı bir həqiqəti bir daha təsdiqlədi: rəsmi Moskva Ermənistanın hərbi cəhətdən zəifləməsində maraqlı deyil və İrəvanı müdafiə edir. Bəzi ekspertlər Rusiyanın bu addımına sırf biznes anlaşması kimi baxırlar. Odur ki, belə bir sual yaranır - Rusiya Ermənistanla müharibə şəraitində olan Azərbaycana da silah sata bilərmi? Rusiya və Ermənistanın ikitərəfli strateji müttəfiqliyi haqqında sənəd Moskvanın Azərbaycana silah və hərbi texnika satmasını məhdudlaşdırır.
Beləliklə, açıq görünür ki, Rusiya Azərbaycana münasibətdə seçim qarşısında qalıb: əgər Moskva Bakıya silah və hərbi texnika satmasa, onda Azərbaycan öz hərbi-texniki ehtiyaclarını bütünlüklə Qərbin, xüsusilə də Türkiyə və İsrail, eyni zamanda Ukrayna hesabına ödəməyə çalışa bilər. Azərbaycanın maliyyə imkanları onunla hərbi-texniki və hərbi sənaye sahəsində əməkdaşlıq qurmaq istəyən ölkələrin sayını xeyli artırıb. Hazırda Azərbaycan müdafiə sənayesində birgə layihələr həyata keçirmək üçün müraciət edən bir sıra ölkələr mövcuddur və maraqlıdır ki, onların arasında Gürcüstan da var. Beləliklə, Rusiya bu prosesləri hiss edərək KTMT-nin nizamnaməsində və digər sənədlərdə əksini tapan müddəaları gözardına vurur. Ermənistan hakimiyyətinin bu prosesə rəsmi şəkildə müdaxilə etməməsi qeyd edilən məsələ ilə bağı Moskva və Yerevan arasında hansısa razılaşmanın olduğunu göstərir.
Eyni zamanda, indiyə qədər Minsk Qrupunun ABŞ və Fransa həmsədrlərinin Rusiya silahının Ermənistana satılması ilə bağlı ortada hər hansı bir reaksiyasının olmaması düşündürücüdür. Amma əslində ABŞ və Fransa Rusiyanın Cənubi Qafqazın müharibə şəraitində olan iki ölkədən birinin silahlandırmasından narahat olmalıdırlar. Bu narahatlığın iki əsas səbəbi ola bilərdi: birincisi, regionda müharibə ehtimalı ciddi şəkildə artır, ikincisi, Rusiya faktik olaraq bu iki ölkə üzərində və bütövlükdə Cənubi Qafqazda özünün hərbi-siyasi təsirini gücləndirir və ümumilikdə region ölkələrinin Avroatlantik məkana inteqrasiyasının qarşısını alır.
Rusiyanın Ermənistana silah və hərbi texnika göndərməsi Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinin müddəalarının nə dərəcədə qorunması barədə suallar yaradır. Hazırkı məqamda Ermənistanın Cinah Saşişinin müddəalarına nə dərəcədə əməl etməsini aydınlaşdırmaq çox çətindir. Amma bəzi aydın məsələlər ortadadır. Ermənistan bu sazişin müddəalarını iki səbəbdən pozur. İlk növbədə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində siyahıya alınmayan silah və hərbi texnika yerləşdirir və buna görə beynəlxalq təşkilatlara hesabat vermir. İkincisi, Ermənistan ərazisində Rusiyanın 102 saylı hərbi bazası var və bu bazanın Ermənistan ordusuna verdiyi silah və hərbi texnika baxmından Cinah Sazişinin müddəalarıı pozur. Fakt odur ki, Azərbaycanın əraziləri işğal olunub, ölkəmiz İran və Rusiya ilə həmsərhəddir, Xəzər dənizi vasitəsilə enerji layihələrinə təhdidlər var və s. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ərazi və əhali baxımından Ermənistandan böyükdür və bu səbəbdən bu iki ölkəyə bərabər kvota qoymaq düz hesab edilə bilməz. Azərbaycanın maliyyə imkanları, səfərbərlik ehtiyatları ona imkan verir ki, Silahlı Qüvvələrin balansında olan silah və hərbi texnikaları modernləşdirsin. Lakin eyni zamanda rəsmi Bakının səsləndirdiyi bəyanatlardan belə görünür ki, Azərbaycan Cinah Sazişində əksini tapan kvotaları pozmamağa çalışır. Hazırkı məqamda Cənubi Qafqazdakı bu və digər ölkənin silahlanma üzrə kvotanı pozması ona qarşı hər hansı embarqonun qoyulmasına, hansısa qərarların qəbul edilməsinə gətirib çıxarmayacaq. Əslində, müşahidə olunan proseslər onu deməyə əsas verir ki, indi regionda əsas təhlükəsizlik qayğıları Suriya və İranla bağlıdır və o səbəbdən Cənubi Qafqazda silahlanma məsələsi bir qədər arxa plana keçib.
Azərbaycan və Ermənistan yaxın perspektivdə müharibəyə başlamaq ehtimalı çox aşağıdır və bu duruma beynəlxalq təşkilatların daimi ciddi müdaxiləsi mövcuddur. Müşahidələr göstərir ki, xarici güclər, regionda iqtisadi, hərbi, siyasi marağı olan güclər Azərbaycan və Ermənistan arasında yeni münaqişənin başlanmasının tərəfdarı deyillər. Amma, eyni zamanda, Cənubi Qafqazın gələcək geosiyasi oriyentasiyasının müəyyən edilməsi vacib tapşırıqlardan hesab olunur. Qərb ölkələri çalışır ki, region ölkələrinin silahlı qüvvələri NATO standartlarına uyğun qurulsun və ekspertlər bunu əhəmiyyətli hesab edirlər. Bu mənada NATO ilə Cənubi Qafqaz ölkələri arasında imzalanmış onlarla sənəddə əksini tapan müddəaların həyata keçirilməsi ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın istifadəsində olan silah və hərbi texnikaların müəyyən bir hissəsinin NATO standartlarına uyğunlaşdırılması prosesi aparılsa da bu çox cüzidir. Rusiyanın Cənubi Qafqaz regionuna getdikcə artan destruktiv təsirləri fonunda Qərb ölkələrinin bu regiona ünvanlanmış addımlarının səmərəliliyinin qaldırılması vacib görünür. Qərbin Cənubi Qafqaz ölkələrinə – xüsusilə də Azərbaycan və Ermənistana silah və hərbi texnika satmaq barədə yasağı var, Rusiya yaranmış durumdan istifadə edib, İrəvana silah və hərbi texnika satmaqda davam edir. Bu baxımdan, Rusiyanın Ermənistana silah satması regiondakı sabitliyi pozmağa yönəlib. Odur ki, Moskvanın adıçəkilən addımının cavabı Qərb tərəfindən verilməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?