İşləmək üçün Türkiyəyə gedən 3 Azərbaycan vətəndaşı - dənizçi itkin düşüb.
Bu barədə anspress-ə həmin şəxslərin yaxını, Türkiyədə işləyən azərbaycanlı Zaur Ağalı məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (motros) və motorçu olan, adı məlum olmayan digər həmyerlimiz "Gebze Denizçilik" adlı şirkətlə əməkdaşlıq ediblər. Onlar şirkətə məxsus "Kalkanlar 1" adlı gəmini Liviyaya aparıb orada müəyyən şəxsə təhvil vermək barədə razılığa gəliblər: "Onlar fevral ayının 20-də İzmit limanından yola düşüblər. Bir gün sonra ailələrinə zəng vuraraq bildiriblər ki, müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur".
Şikayətçinin sözlərinə görə, adıçəkilən şirkətlə nə vaxt əlaqə saxlanılsa, onların 3 günə ünvana çatacağı deyilməklə kifayətlənir.
Məsələ ilə bağlı "Gebze Denizçilik" şirkətinin rəhbəri Ərcan Dəliürək bildirib ki, azərbaycanlıların Liviyaya çatdırmalı olduqları gəmidə Yunanıstan yaxınlığında texniki nasazlıq yaranıb və buna görə həmin şəxslər mənzil başına çata bilməyiblər: "Mən kapitan Namik Salamovla dünən danışdım. Mənə texniki nasazlığın aradan qalxmadığını, ona görə də Yunanıstan sahillərində olduqlarını və gəmini təmir etdiklərini bildirdilər. 3 gün sonra özüm də onların yanına gedəcəm və vəziyyəti barədə sizi xəbərdar edəcəm. Ancaq onlar itkin düşməyib. Taleləri də qaranlıq deyil", - deyə şirkət rəhbəri bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən isə məsələnin Türkiyədəki səfirlik və konsulluq vasitəsi ilə araşdırılacağını deyiblər.
ANS-in Türkiyə bürosu mövzunu nəzarətdə saxlayır.
İki gün əvvəl isə "Xəyyam Kapitan" tankerinin üzvləri olan Azərbaycan vətəndaşları dizel yanacağı qaçaqmalçılıq ittihamı ilə Liviyada həbs olunublar. Onların hazırda Tripoli həbsxanasında saxlanıldıqları barədə tankerin heyət üzvü olan ukraynalı qadın xəbər verib.
Tankerdə xidmət edən azərbaycanlıların sayı və adları məlum deyil.
Türkiyənin "Saygi Denizcilik ve Elektrik" şirkətinə məxsus tanker Sierra-Leone bayrağı altında üzüb. Fevralın 13-də Tripoli limanından yola çıxan tanker Maltaya gedirmiş. Liviya sahil mühafizə qüvvələri tankeri qaçaq yanacaq daşıdığı üçün saxlayıb.
Tankerdə 1.7 milyon ton qaçaq yanacaq aşkar edilib. Tankerdə olan Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 12 heyət üzvünün hamısı saxlanılıb. Buradakı dizel yanacağı yükünün kimə məxsus olduğu məlum deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?