Qüdrət Həsənquliyev: “Türkiyə Prezidentinin səfəri bütün hallarda gerçəkləşdirilməli və bu müstəvidə Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən qüvvələrə tutarlı cavab verilməlidir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ankarada baş verən amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib.
BAXCP sədri partiyanın mətbuat xidmətinə açıqlamasında bu dəhşətli cinayətdən son dərəcə hiddətləndiyini və terrorizmi qətiyyətlə pislədiyini qeyd edib: “Terror aksiyası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Qüdrət Həsənquliyevin qənaətinə görə, baş verən hadisə heç bir halda Türkiyə Prezidentinin Azərbaycana səfərinin təxirə salınmasına səbəb olmamalıdır: “Artıq ikinci dəfədir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində paytaxt Ankarada dəhşətli terror aksiyası həyata keçirilir. Baş verənlər terror aksiyalarının Azərbaycanla Türkiyənin yaxınlaşmasında maraqlı olmayan qüvvələr tərəfindən sifariş və icra olunduğu ehtimalını gücləndirir. Bu baxımdan indi Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsinə və inkişaf etdirilməsinə daha çox ehtiyac var. Hesab edirəm ki, qardaş ölkə Prezidentinin səfəri bütün hallarda gerçəkləşdirilməli və bu müstəvidə Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən qüvvələrə tutarlı cavab verilməlidir. İndi birlikdə və güclü olmanın zamanıdır”.
BAXCP sədri hesab edir ki, Türkiyədə terror aksiyalarını gerçəkləşdirən PKK-PYD və digər bu kimi terror təşkilatları bölgədə maraqları toqquşan xarici güclər tərəfindən maliyyələşir və idarə olunurlar: “Təəssüf ki, belə terror təşkilatlarını müdafiə edənlərin sırasında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mane olmağa çalışan ölkələrlə yanaşı Türkiyənin ənənəvi müttəfiqləri də var. Buna baxmayaraq, Türkiyə bölgədə öz iyrənc ssenarilərini gerçəkləşdirməyə cəhd göstərən güclərin təzyiqləri qarşısında geri çəkilməməli, terrorçu qrupların məhv edilməsi istiqamətində daha sərt və güzəştsiz addımlar atmalıdır”.
Qüdrət Həsənquliyev belə məsələlərdə demokratiya oyunlarının dövlətin təhlükəsizliyinə ciddi zərbə vuracağını və daha ağır nəticələrə yol aça biləcəyini vurğulayıb: “Təkcə terrorçulara deyil, eyni zamanda terror aksiyaları zamanı qətlə yetirilən yüzlərlə günahsız insanın qanı üzərindən siyasət yürütməyə çalışan, terror təşkilatlarının müdafiəsinə qalxan, onlara siyasi dəstək verənlərə qarşı da sərt, çevik və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?