"İslamı terrrorla eyniləşdirmək cəhdləri sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır".
Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı bildirib ki, Türkiyə və Azərbaycanın dünya mədəniyyətinə verdikləri töhfə dünyada yüksək qiymətləndirilir: "Biz bərabər, birgə səylərlə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilib. Əfsuslar olsun ki, bir çox media qurumları İslama qarşı, İslam mədəniyyətinə qarşı, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparırlar. İslamı ləkələmək, qaralamaq, İslamı terrrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Qaçqınlar böhranını biz bu gün görürük. Və yenə də burada əsas yük Türkiyə üzərinə düşür. Türkiyə təmənnasız olaraq, artıq aylarla milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir".
İlham Əliyev xatırladıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində erməni işğalı nəticəsində yaranmış humanitar fəlakətlə üz-üzə qalmışdı: "Və bu gün bu qaçqınlar nicat tapmaq üçün, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda, görün, onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Haradadır bəs bu ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət? Biz bunu görmürük. Ona görə, Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik. Bir daha mən Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar. Bir sözlə, bizim aramızda olan əlaqələr demək olar ki, bütün sahələri əhatə edir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?