“Pulları yeyən bəlli, alan bəlli, mən 2 ildir içəridə qalmışam”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” MMC-nin dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin cinayət işi üzrə növbəti proses davam etdirilib. Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəmişdi. Bu dəfə isə təqsirləndirilənlərin vəkilləri məhkəmənin təxirə salınmasını və çıxışa hazırlıq üçün vaxt istədilər. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçən prosesdə qərara alındı ki, məhkəmə təxirə salınsın və aprelin 23-ü, saat 10:30-a təyin olunsun. Təqsirləndirilən şəxslərdən biri - Qalib Məmmədbəyli isə prosesin bu qədər uzanmasına etirazını bildirdi: “Pulları yeyən bəlli, alan bəlli, mən 2 ildir içəridə qalmışam. Məhkəmə prosesini bu qədər də uzatmaq olmaz. Mən xahiş edirəm ki, tezləşdirəsiniz”. Məhkəmə açıq keçirilib və jurnalistlər də iştirak ediblər. Növbəti məhkəmədə təqsirləndirilənlərin vəkilləri və zərər çəkən şəxslər çıxış edəcəklər. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyrilərinin qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməlini törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli , “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?