Mayın 6-da jurnalistlər Natiq Cavadlı, İzolda Ağayevaya, Səlimə Cəlilova və Rasim Qaracanın ölkədən çıxışına qadağa aradan qaldırılıb.
Bu barədə Amerikanın Səsinə jurnalist Natiq Cavadlı bildirib.
Onun sözlərinə görə, jurnalistlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub. Onlara qarşı 2015-ci ildən qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib.
"Bizi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov dəvət etdi və zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxışımıza qadağanın ləğv edildiyi barədə öz imzaladığı bildirişi təqdim etdi," Cavadlı qeyd edib.
“Yaxın gələcəkdə "Meydan TV" üçün materiallar hazırlayan ən az 8 jurnalistin də ölkədən çıxış qadağasının ləğv ediləcəyi gözlənilir,” o qeyd edib.
Ölkədən çıxış qadağası Berlində yerləşən "Meydan TV" internet resursu ilə əməkdaşlıq edən bir qrup jurnalistə qarşı cinayət işi ilə əlaqədar tətbiq edilib.
Son illər ərzində Meydan TV saytı ilə əməkdaşlıq edən ondan çox jurnalist vaxtaşırı prokurorluqda dindirilib.
Bir çox beynəlxalq təşkilatlar "Meydan TV" ilə əməkdaşlıq etmiş jurnalistlərin hüquqlarının pozulmasına görə hakimiyyəti tənqid edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?