Turqay Kazımov: “Müstəntiq mənə bildirdi ki, verdiyin bu ifadəyə görə sənin başın ağrıyar”.
Redaksiyamızın elektron poçtuna Ağsu rayonu, S.Vurğun küçəsi, dalan 4, ev 1-də yaşayan Kazımov Tuqay Rəşid oğlu və məhəllə sakinləri tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev, Azərbaycan Respublikası baş prokuroru Z.Qaralov, Azərbaycan Respublikası Daxili İşlər Naziri R.Usubov, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri E.Mahmudov cənablarına, Azərbaycan Respublikası Ombudsmanı E.Süleymanovaya ünvanlanmış şikayət ərizəsində deyilir: “Mən Kazımov Tuqay Rəşid oğlu uzun müddət Rusiya Federasiyasında yaşamağıma baxmayaraq qaydasız döyüş növü üzrə yarışlarda Azərbaycan Respublikasını təmsil etmişəm və bu yarışlarda Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırmışam. Sankt-Peterburq şəhərində “FAKEL” klubunda məşqçi işləmişəm. İndi hal-hazırda Ağsu şəhərində öz şəxsi hesabıma açdığım idman zalında Ağsu gənclərinə təmənnasız məşq keçirəm və həmçinin, “Azərinform”un (Azərbaycan İnformasiya Agentliyi) idman şöbəsinin əməkdaşıyam. Yazaraq sizə bildirirəm ki, 11 noyabr 2012-ci il tarixində saat 17-00 radələrində mənim yaşadığım Ağsu şəhəri S.Vurğun küçəsində böyük səs-küy olduğunu eşidib ora gəldim. Mən həyətimdə olan idman zalında tələbələrimə məşq keçirdim. Ağsu şəhərində cənab Prezidentin Regionların İnkişaf Proqramı ilə bağlı su-kanalizasiya xətti çəkilişi ilə əlaqədar qazıntı-təmir işləri aparılırdı. Təmir-tikinti işləri getdiyindən bizim evə çatanda həmin küçəyə “yol bağlıdır” nişanı və bunun üçün sürücülərə alternativ yoldan istifadə etmək üçün “sola dön” işarəsi qoyulmuşdur. Mən də başqa məhəllə sakinləri kimi səs-küyü eşidib küçəyə çıxdım və burada sir-sifəti qan içində təxminən 40-45 yaşlarında olan bir kişi əlində çomağı ilə yol işçilərinə tərəf fırladaraq Rayon İcra Başçısının, Dövlət Başçısının və bu işi gördürənlərin ünvanına xoşagəlməz nalayiq söyüşlər söyürdü. Yol işçiləri ona iradlarını bildirirdilər ki, niyə söyüş söyürsən, məhəllədə qadın var, uşaq var, camaatın anası-bacısı var. Sürücü Fərzəliyev Malik Alxan oğlu (adını sonradan Polis Şöbəsində öyrəndim) camaatın içində yolları bu vəziyyətə qoyanları, Ağsu Rayon İcra başçısını və bu işi gördürənləri açıq aşkar nalayiq söyuşlərlə təhqir edirdi. Mən ona yaxınlaşaraq öz etirazımı bildirdim və ona irad tutdum ki, niyə bu işi gördürənləri söyürsən. Bu vaxt O, mənə “sən kimsən özüm bilərəm, sənin dövlətin də bayrağında belə-belə olsun” söylədi. Mən ona bildirdim ki, sən sərxoşsan, nə danışdığını bilmirsən və onu kənara çəkdim. Çünki O, dayanmadan söyüş söyurdü. Bu vaxt xidmətdə olan Post Patrul xidmətinin əmakdaşları hadisə yerinə gəldi. Yol işçiləri polisə hadisənin necə baş verdiyi barədə məlumat verdilər ki, bu sərxoş sürücü yol hərəkəti nişanına məhəl qoymayaraq həmin nişanın üzərindən keçərək avtomobilini həmin sahənin mühəndisi vəzifəsində işləyən Əşgərov Mirzə Məhəmməd oğlunun üzərinə sürmüş və yolu açmasanız sizin üzərinizdən keçəcəyəm. Polis əməkdaşı onun öz maşınını idarə edə bilməyəcəyini görüb (sərxoş olduğu üçün) maşınını cərimə meydançasına, özünü isə Ağsu Rayon Polis Şöbəsinə aparmışdılar. Onun sərxoşluğunu yoxlamaq üçün Rayon Polis Şöbəsinə ekspert çağırılmışdır. Məni də məhəllə sakinləri kimi şahid qismində Polis Şöbəsinə dəvət etdilər. Bu xuliqanlıq hərəkəti ilə camaatı və polisi bezdirən Fərzəliyev Malik Alxan oğlu şöbədə də söyüş söyməyindən və kobudluğundan əl çəkmirdi. Mən Tuqay Kazımov, Qurban Kərimov, Cəlal Kərimov, İmran Bəyalıyev, Zamiq Bəyalıyev və Post Patrul Xidməti Əməkdaşlarından Nağıyev Babək Mehdi oğlu, Hacıyev Mustafa Ağamusa oğlu, Məmmədov Rəşad Yasər oğlu və Babayev Kamal Təşkilat oğlu, (cəmi müraciətə imza atan 44 nəfər) şahiddirlər ki, bu xuliqan sürücü Fərzəliyev Malik cox sərxoş idi, onun tutulmasını və haqqında hüquq müstəvisində ölçü götürülməsini istəmişik. Hadisə 11.11.2012-ci il tarixində baş vermişdir. 07.01.2013-cü il tarixdində Ağsu RPŞ-nin İQ-nun müstəntiqi polis leytnantı Vüsal Hüseynov tərəfindən rəsmi qaydada mənim yaşadığım ünvana çağırış vərəqəsi göndərilmişdir. Mən də həmin tarixdə İQ-nun müstəntiqi polis leytnantı Vüsal Hüseynovun yanında oldum. Mən hadisənin necə baş verdiyini danışırdım Vüsal Hüseynov isə kompüterdə mənim dediklərimi qeyd edirdi. Axırda izahatı mənə təqdim etdikdə mən izahatımı oxumamış imza atmayacağımı ona bildirdim və izahatımı oxumağa başladım. İzahatı oxuduqda mənim dediklərimin burda qeyd edilmədiyini görüb müstəntiqə sual verdim ki, nəyə görə mənim dediklərimi olduğu kimi bura qeyd etməmisiniz? Müstəntiq mənə bildirdi ki, verdiyin bu ifadəyə görə sənin başın ağrıyar. Mən də ona bildirdim ki, mən bunu özümdən uydurmamışam ki, bunu təsdiqləyən şahidlər də var. O, isə mənə sənin verdiyin ifadəni mən cinayət işinə daxil edə bilmərəm. Bundan ötrü mənim qollarımı kəsərlər. Mən isə cavabımda qollarını niyə kəsirlər? Sən müstəntiqsən, mənim verdiyim ifadəni olduğu kimi qeyd edib işi araşdırmalısan. O, isə mənə söyüb söyüb də sənin nə işinə qalib ki, bu sənin işin deyil. Mən isə ona belə cavab verdim ki, mən bu Vətənin oğluyam. Bu Vətənin Prezidentini, Bayrağını qorumaq hər bir şəxsin borcu olduğu kimi mənim də şərəf borcumdur. Prezidentimi, Bayrağımım şərəfini qoruduğum üçün məni tutacaqlarsa qoy tutsunlar deyib otağı tərk etdim. Sonradan mən bu olanlar barədə Ağsu Rayon Prokuroru baş ədliyyə müşaviri Hafis Məmmədova məlumat verdim. Prokurordan da həmin cavabları eşitdim. Bu sənin işin deyil, sən uşaqsan get işinlə məşğul ol. Dəfələrlə müstəntiq Vüsal Hüseynov mənə telefonla zəng edərək məndən izahatımı dəyişməyimi tələb etmişdir, əgər izahatını dəyişməsən sənin üçün pis olacaq. Mən isə ona bir şərəfsizə görə öz izahatımı dəyişməyəcəyimi bildirdim. Məni 10.02.2013-cü il tarixdə növbəti çağırış vərəqəsi ilə Polis Şöbəsinə çağırdılar və mənə başqa suallar verməyə başladılar. Sən Maliki və onun bacısını nə ilə vurmusan. Guya ki, mən onları döymüşəm. Sonradan mənim yaşadığım ünvana 28.02.2013-cü il saat 09-20-də başlamış və 28.02.2013-cü il saat 12-20-də başa çatmış ittiham aktı göndərilmişdir. Mən ittiham aktı ilə tanış olduqdan sonra bildim ki, mənə Azərbaycan Respublikasının CM-nin 221.2.2 maddəsi ilə təqsirləndirildiyimə dair 120290047 nömrəli cinayət işi açılmışdır. Hadisənin üstündən 26 gün keçəndən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və PA birliyi Şamaxı rayon şöbəsi tərəfindən 07.12.2012-ci il tarixli 254/91 və 255/90 nömrəli rəydən görünür ki mən Fərzəliyev Malik və Fərzaliyeva Şükufəyə küt alətlə xəsarət yetirmişəm və məni 04.03.2013-cü il tarixli 1(016)-05 nömrəli məktubla 13.03.2013-cü il tarixdə saat 11-00-da keçiriləcək məhkəmə prosesinə çağırmışdılar. Son ümidim məhkəmə prosesinə qalmışdır ki, mənim günahsız olduğum bəlkə burada sübut olunar. Təəssüflər olsun ki, burda da haqsızlıqlarla üzləşdim və mənə 2 ildən 5 ilədək cinayət işi verilməsi ilə hədə qorxu gəldilər. Burda məni haqsız, onları isə haqlı çıxartdılar və məni valideyinlərimi götürüb onlardan üzr istəməyimi məsləhət bildilər. Adları aşağıda göstərilən məhəllə və Ağsu sakinləri mənim məhkəməyə çağırılmağıma və mənə qarşı misli görünməmiş dırnaqarası cinayətə öz etirazlarını bildirirlər. Xahiş edirik ki, bu yalan məhkəmə ittihamını düzüb-qoşan Ağsu Rayon Polis şöbəsinin İQ-nun müstəntiqi polis leytnantı Vüsal Hüseynovun və ona kömək edən Dövlət orqanlarında məmur vəzifəsində işləyən məmurların məmur özbaşnalığına və vəzifələrindən sui-istifadə etmələrinə son qoyasınız. Qeyd edim ki, yalançı cinayətin icraya və məhkəməyə verilməsi, Dövlətimizə qarşı inamsızlıq və xalqın Dövlətə qarşı etimadını məhv etməkdədir"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?