Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhə xəttində yerləşən kəndləri partlamamış hərbi sursatdan təmizləməyə başlayıb.
Tərtərin Qapanlı kəndində minaaxtaranlar evlərin həyətlərinə baxış keçiriblər. Daşınması mümkün olan mərmilər çıxarılaraq kənarda zərərsizləşdirilib, daşınması mümkün olmayan sursatlar isə yerindəcə partladılıb.
Qapanlı kəndi uzun illərdir ermənilərin mütəmadi atəşinə məruz qalır. Son olaylar zamanı isə bu yaşayış məntəqəsi birbaşa işğalçıların hədəfinə çevrilib. Üç gün boyunca ağır artilleriyadan aramsız atəşə məruz qalan yaşayış məntəqəsində təmizləmə işləri aparan ANAMA-nın əməkdaşı Babək Mirzəyev açıqlamasında bildirib ki, təkcə kənd sakini Elnur Məmmədovun həyətinə 7 ədəd mərmi düşüb: “Yaşayış evi və yardımçı tiklilər tamamilə yararsız haldadır. Son hadisələrdən sonra yaradılmış ANAMA-nın çevik mobil əməliyyat qrupu olaraq Tərtərin cəbhəyanı kəndlərində əməliyyatlar aparmışıq. Yüzə yaxın mərmi çalasına baxış keçirilib. 36 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib”.
B. Mirzəyev kənd sakinlərini diqqətli olmağa çağırıb: “Gördükləri şübhəli əşyalara toxunmadan aidiyyəti qurumlara xəbər vermələrini xahiş edirik. Əməliyyatlarımız hal-hazırda Tərtər, Ağdam, Füzuli, Goranboy rayonlarında davam edir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?