Tərtər və Füzuli rayonlarında partlamamış mərmilər aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.
Məlumata görə, iyunun 9-da Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat-100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb. Füzuli rayonunun Horadiz şəhərində üç partlamamış hərbi sursat -120 millimetrlik minaatan mərmilər aşkarlanaraq götürülüb. Gün ərzində 5 min 700 kvadratmetr ərazi minalardan təmizlənib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 591 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1513 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Sorğu
Yeni dizaynımız necədir?