“Rusiya prezidenti Vladimir Putin "Mənə elə gəlir ki, biz hələ bir neçə il əvvəl hər iki tərəfə sərf edən güzəşti tapmışdıq. Lakin təəssüflər olsun ki, belə deyilmiş” deyərkən yada saldı ki, Kazan prosesi müəyyən mənada potensial əldə etmişdi. Üçtərəfli formatda on görüş keçirilmişdi və sonuncu-on birinci görüş keçiriləndə də çox böyük ümidlər var idi ki, Ermənistan həmin prosesdə ehtiyatla və ağılla tərpənər. Lakin Ermənistanın barışmaz mövqeyi, slüh prosesinə olan etinasızlığı göstərdi ki, Yerevan problemin dinc yolla həllində maraqlı deyil. On birinci görüşdən beş ilə yaxın vaxt keçib və indi Putin onu yada salır ki, bizə elə gəlirdi ki, prosesin həllinə yaxınlaşmışıq, ancaq biz yanıldıq. Yanıldıq deyəndə ki, yanılmadılar, onda Rusiyanın özü də bir növ axtarışda idi, çünki münaqişə onun sərhədləri yaxınlığındadır. Heç bir dövlət istəməz ki, onun sərhədləri yaxınlığında başqa iki subyektin müharibəsi olsun, gərgin şərait yaransın”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya prezidenti Vladimir Putinin dünənki canlı yayımda Qarabağlı bağlı sualı cavablayarkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, Rusiya Qarabağ məsələsində barışıq prosesinin əldə olunması ilə bilavasitə məşğuldur: “Putin həmçinin bir fikir də işlətdi, dedi ki, məsələnin çətin olduğunu bilirik. Biz də gərək çalışaq ki, mövcud vəziyyət olduğundan pis olmasın, yəni ən azı olduğu kimi qalsın, əlavə problemlər yaranmasın. Digər tərəfdən də dedi ki, siyasi qərarların lazım olduğunu bilirik və elitalar gərək bu məsələdə birgə çalışsınlar. Biz bu formatlardan həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də ikitərəfli, üçtərəfli görüşlər formasında istifadə edəcəyik. 1994-cü ildə məhz Rusiyanın iştirakı ilə müvəqqəti sülh əldə olundu, Bişkek protokolu imzalandı. Aprelin əvvəlində baş verən hərbi hadisələrdən sonra Rusiya yenidən diplomatik cəbhədə, obrazlı desək, ən vacib yüksəkliklərdən birini götürüb ki, Azərbaycan və Ermənistan arasında barışıq şəraitini formalaşdırsın, tərəflər kompromislərə hazır olsunlar. Kompromislərlə bağlı fikirlər də ilk növbədə Ermənistana aiddir, çünki Ermənistan ümumiyyətlə sülh prosesindən yayınırdı, sülh prosesini ləğv etmək istəyirdi ki, torpaqları qaytarmasın, qoşunları o torpaqlardan çıxartmasın. Ancaq qoşunlar çıxmalıdır və bunsuz barışıqdan heç bir söhbət gedə bilməz. Atəşkəsin əldə olunmasında Rusiya yaxından iştirak etdi. Burada həm Sergey Şoyqunun nazirimizlə telefon danışığı olub, daha sonra hər iki tərəfli görüşlər keçirildi, baş qərargah rəisləri görüşdülər. Bunlar hamısı Rusiyanın fəallığı, təşəbbüskarlığı nəticəsində baş verən proseslər idi. Rusiya istəmir ki, burada genişmiqyaslı müharibə başlasın, çünki başlayarsa böyük fəlakətlərlə nəticələnə bilər, böyük itkilərlə üzləşə bilərik. Yaddan çıxarmayaq ki, müharibə Azərbaycan ərazisində həyata keçirilir və bütün zərbələrin 90 faizi bizə dəyir. Burada həm infrastruktur dağılır, həm kommunikasiyalar sıradan çıxır, həm də çox canlı qüvvə itkisi verə bilərik. Müharibə bilavasitə canlı qüvvənin itkisi olmadan başa gəlmir. Odur ki, bu proseslərin hamısını nəzərə alaraq görürük ki, Rusiya həqiqətən Qarabağ problemində müharibənin qəti əleyhdarıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?