Son aylar mətbuatda tez-tez tonlarla ölmüş heyvan cəmdəklərinin, xəstə mal və at ətinin paytaxta gətirilərkən saxlanması haqqında məlumatlar yayılır. Lakin bu ətlərin haraya aparıldığı və kimlər tərəfindən sifariş verildiyi haqqında məlumat verilmədiyi kimi, ciddi araşdırma da aparılmır.
Əslində isə heç kimə sirr deyil ki, adətən belə ətlər kolbasa sexlərinə və dönərxanalara verilir. Mənşəyi bilinməyən ətlərin insan orqanizminə nə dərəcədə zərərli olduğu da hamıya bəllidir. Buna baxmayaraq, belə xoşagəlməz hallara paytaxt bazarlarında tez-tez rast gəlinir.
Leş alverçiləri ət satışını aşkar deyil, gizli yollarla həyata keçirirlər. Bu cür ətlər əsasən, rayonlardan gətirilir. Ət “alverçiləri” rayonlara gedərək ölmüş, qoca, xəstə heyvanları kəsib, paytaxt ərazisində dönərxanalara, kafelərə, kolbasa sexlərinə satırlar. Belə ətlərin qiyməti isə 1-3 manat civarında dəyişir.
Musavat.com-un müxbiri bu mövzunun izi ilə Bakı bazarlarında ucuz ət axtarışına çıxıb və önəmli faktların şahidi olub.
O, Təzə bazara üz tutub, “dönərlik ət” axtarıb və bazarda ucuz ət satanları tapmaq üçün özünü alverçi kimi təqdim etdib. Bir neçə piştaxtaya yaxınlaşıb, ucuz ət axtardığını deyib:
“Qəssabların diqqətli və narahat baxışları şübhələrimdə yanılmadığımı göstərirdi. 3-4 qəssabdan “bizdə yoxdur” cavabı eşitdikdən sonra nəhayət ki, “qəhraman”ımı tapdım. Özümü dönərxana işlədən sahibkar kimi təqdim edərək, asta səslə “dönərlik nəyin var, dayı” soruşdum. 55-60 yaşlı Anar adlı şəxs (ad şərtidir) bir qədər də mənə yaxınlaşıb, sakitcə necə ət istədiyimi soruşdu. Dönərxana üçün ucuz ət istədiyimi bildirdim. Bir anlıq məni süzüb, açıq danışmağımı istədi. Kiloqramı 2-2,5 manata dönərlik mal əti istədiyimi dedim.
O isə indi o qiymətə ət olmadığını və bazarda belə qiymətə ət tapa bilməyəcəyimi bildirdi: “Sən bunu bir neçə ay öncə desəydin, ala bilərdin. İndi sən dediyin ətlərin də qiyməti bahalaşıb. Əvvələr ölü heyvanların ətini kəndlidən 1 manatdan alırdım. İndi leş əti də qalxıb. Camaat ölü heyvanını da baha satmaq istəyir. Gündəlik sənə nə qədər ət lazımdır? 60 kiloqram ət verərəm, ancaq 3 manata, 3 manat 50 qəpiyə... Gündəlik müştərim olsan, qiyməti bir az aşağı da eləyərəm”.
Leş əti satan şəxs müxbirə deyib ki, bu ətləri özü çox vaxt 2 manat 80 qəpikdən, 3 manatdan alır. 3 manat 50 qəpiyə satır ki, özünə də nəsə qazanc qalsın: “Yol puluna, əziyyətimə, riskimə görə gərək, mən də 50-60 qəpik qazanım”.
Onun bildirdiyinə görə, əvvəl 1-1.5 manata olan ətlər indi 2-3 manatadır:
“Əvvələr müştərilərim var idi, tonlarla ətin kiloqramını 1 manatdan alıb, sexlərə 2 manatdan satırdım. İndi elə söhbət yoxdu. Ölü, xəstə heyvanın ətini qapıda 2 manat, 2.50 qəpikdən satırlar. Həm də bir az təhlükəlidir. Bu yaxınlarda nə qədər adamı saxlayıblar. Ona görə son aylarda ət gətirənlər də azalıb. Hökumət güclü nəzarət edir. Amma yenə də gizli yolla sexlərə, dönərxanalara verirlər. Sexlər yalvarır ki, ət gətirin. Bəs, kolbasalar nədən hazırlansın?”
Paytaxtın başqa bir dönərxanasında isə dönərçi işləyən Aqşin adlı şəxs belə hallara çox rast gəldiyini deyib:
“3 ildir ki, “28 May” metrostansiyasının ətrafında dönərçi işləyirəm. Bir neçə dəfə ət dəllalları 3-4 manatdan ucuz ət təklif ediblər. Lakin müdiriyyət qəbul etməyib. Dönər üçün təzə ətin kiloqramını topdan 6-7 manata alırıq. Əgər bu qiymətdən aşağı ət olarsa, deməli, xəstə və yaxud ölmüş heyvanın ətidir”.
Bazarda ətlərin qiymətinin fərqli olması heyvanın yaşı və cinsi ilə bağlıdır. Misal üçün, əldən düşmüş, yaşlı heyvanları ölməmiş kəsirlər. Onların ətləri dana əti ilə müqayisədə bərk olur və gec bişir. Lakin görüntü baxmından heç nə ilə fərqlənmir. Yaxşı əti seçmək üçün gərək müştəri təcrübəli olsun. Təssüf ki, bu gün də bazarlarda, yarmarkalarda bu cür ətlərə rast gəlirik. Bakı bazarlarında bəzi yerlərdə ət 5 manat, bəzilərində isə 8 manata satılır. Arasında bu fərq isə heyvanın yaşı və ətin keyfiyyətinin sübutudur.
Jurnalist qeyd edir ki, paytaxtdan fərqli olaraq, rayonlarda leş əti satmaq adi hala çevrilib. Kəndlərdə heyvan ölən zaman dərhal qəssablara xəbər verilir ki, kolbasalıq leş əti var, gəlin alın. Qəssablar da belə fürsəti əldən vermir, ölü heyvanın ətini daha ucuz qiymətə alıb, qazanc əldə edirlər.
Kəndli onsuz da murdar olmuş heyvanını satmaq üçün qəssabın verdiyi istənilən pula razılaşmalı olur. Elə vaxtlar olur ki, ətin kiloqramını 50 qəpikdən belə hesablayırlar. Və yaxud gözəyarı qiymət deyib, alver edirlər. Aldıqları əti isə sexlərə, dönərxanalara verirlər.
Aşağıda təqdim edilən səs yazısı isə müxbirin leş əti satan satıcı ilə söhbətindəndir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?