Tovuz rayon Qaz İstismarı İdarəsində baş alıb gedən özbaşınalıqları eşitdikcə, insan az qalır ki, “həm vəlvələyə, həm də zəlzələyə” düşsün. Məhz ona görə ki, idarə rəhbərliyindən “muzdlu göstəriş” alan və mobil qruppa şəklində fəaliyyət göstərən əməkdaşlar, rayonun Qovlar qəsəbəsində yaşayan sadə sakinlərə daha çox qənim kəsilirlər. Bu haqda “Gündəm Xəbər”in redaksiyasına lazımi məlumatları çatdıran və Tovuz rayonu Qovlar şəhəri Sabir küçəsi ev-14 ünvanında yaşayan Quliyev Ədalət Məmməd oğlu bildirir ki, “təqribən üç gün bundan öncə qaz istismar idarəsinin 13-15 nəfər işçisi, Qovlar qəsəbəsində aztəminatlı ailələrin, müharibə veteranlarının, əlillərin və.s, idarəyə az məbləğdə olan borclarına görə, onların mavi qazlarını kəsməyə başladılar. Amma həmin əməkdaşlar, imkanlı qəsəbə sakinlərinin 300-400 manat borcları olmasına baxmayaraq, onlara bir kimsə “qaşın üstə qara var” deyən olmadı” deyir. Qəsəbə sakini onu da bildirir ki, “belə bir tapşırıq Tovuz rayon Qaz İstismarı İdarəsinin Qovlar qəsəbəsindəki “kontor”una rəhbərlik edən cənab Xaliq müəllim tərəfindən verilir”. O halda sual oluna bilər ki, səbəb nədir ki, bu cür ayrıseçkiliyə yol verilir. Yəni, məzlumlara zülm edilir, imkanlılara “yaşıl işıq” göstərilir. Ümumiyyətlə əldə etdiyimiz məlumatlara görə, bu gün qəsəbənin sosial problemləri aşıb-daşır, yerli vəzifə sahibləri isə, problemlərin həllinə yanaşmada biganəlik göstərirlər ki, bu da heç cür yolverilməzdir. Məsələn, qəsəbənin daha çox müzakirə olunan, amma bu günədək də həllini tapmayan problemlərindən biri də, Vətən yolunda sağlamlığını itirən və əlil olanların mənzillə, torpaq sahələri ilə təmin olunmamalarıdır. Bu haqda növbəti saylarımızda geniş açıqlamalarla çıxış etməyə çalışacağıq.
Sorğu
Yeni dizaynımız necədir?