«Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Ramiz Tağıyev və Tofiq Yaqublunun azadlığa çıxmaları üçün müvafiq qərar qəbul etməyinizi xahiş edirəm»
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Ramiz Tağıyev və Tofiq Yaqublu ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir: «Hörmətli cənab Prezident! Bu ilin may ayında müsəlman Şərqində demokratik respublikaçılıq ənələlərinin əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 95-ci, cağdaş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında müstəsna xidmətləri olan mərhum prezident Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd edəcəyik. Hər iki tarix xalqımız və dövlətimiz üçün mühüm tarixi əhəmiyyət daşımaqla yanaşı, mili-mənəvi və bəşəri dəyərlərin, ədalət və humanizm prinsiplərinin təbliği baxımından böyük önəm kəsb edir. Bu tarixi günlər ərəfəsində Sizə müraciət edərək, xalqımızın Milli Azadlıq Hərəkatında, müstəqil Azərbaycan dövlətinin yaranmasında xidmətləri olan, hazırda azadlıqdan məhrum edilmiş Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Ramiz Tağıyev və Tofiq Yaqublunun azadlığa çıxmaları üçün müvafiq qərar qəbul etməyinizi xahiş edirəm». Müraciətdə Nemət Pənahlının həbsdə olduğu müddətdə onun hər iki valideyninin vəfat etdiyi də vurğulanır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?