Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova müsahibə verib. gundemxeber.az teleqraf.com-a istinadən müsahibəni təqdim edir:
-Arzu xanım, Hacıbaba Bağırov 10 ildir dünyasını dəyişib. Bu gün onu necə xatırlayırsınız?
- Hacını hər gün xatırlayırıq... Təkcə mən yox, Musiqili Teatrın bütün kollektivi, direktor Əliqismət Lalayev Hacını tez-tez yada salır. Mən özüm Hacıbaba ilə keçirdiyim xoş günləri unuda bilmirəm, Allah ona rəhmət eləsin.
Evdə əlimi nəyə uzadıramsa, onun yadigarıdır. Biz onunla birlikdə ev qurduq, ailə olduq...
- Doğrudanmı Hacıbaba müəllimlə keçirdiyiniz günlərə qayıtmaq istərdiniz və hansı günə?..
- Hacı ilə bütün günlərim xoş keçib. Bir qadına ömürboyu nə qədər xoşbəxtlik yazılırsa, hər günüm o qədər xoşbəxt keçib. 7 ilə yaxın birlikdə yaşadıq, bəlkə də ömrü qısa olduğu üçün Allahım hər günümüzü xoşbəxt keçirməyi qismət elədi.
Onunla hər günüm dəyərli idi. Xüsusən, övladımızın olacağını eşitdiyimiz gün hər ikimiz üçün çox sevincli və xoşbəxt gün idi. Onunla hər kiçik hadisə belə bu günəcən yadımdadır.
Həmişə deyirəm, yaxşı ki, Hacı kimi bir insana rast gəldim, onunla ailə həyatı qurdum. Qətiyyən peşman deyiləm... Yaş fərqimiz, insanların dedi-qoduları, heç nə vecimə olmadı. Bir qadın kimi xoşbəxt olmuşam. Məni xoşbəxt edə bilib...
- İlk tanışlığınız necə, hansı şəraitdə oldu?
- Hacı ilə ilk dəfə teatrda görüşdüm. Aktrisa Lütfiyyə Səfərova ilə birlikdə teatra getmişdim. Hacının oynadığı rolları çox bəyənirdim. O zaman təkcə AzTV var idi. Hacı "Səhər görüşləri" verilişində çıxış edirdi.
Balaca uşaq idim, hər bazar günü o verilişi izləyirdim, Hacının pərəstişkarı idim. İlk tanışlığımız da teatrda oldu. Min könüldən bir könülə bir-birimizə aşiq olduq.
- Bəs ilk dəfə kim sevgisini etiraf etdi?
- Əvvəl Hacı aşiq oldu... Bir dəfə mənə dedi, müsahibə vermişəm, səni hirsləndirmək üçün demişəm ki, öncə Arzu mənə aşiq oldu. Həmişə özünə də deyirdim ki, sən mənə aşiq olmusan.
Bizimki ilk görüşdən tutdu. Deyim ki, dərhal məni dəli kimi sevdi, yalan olar. Hacı kişi kimi centlmen idi. Qadını əldə etməkçün ona üç dəqiqə vaxt lazım idi. Qadınlara qarşı davranışı fərqli idi. Hacının oynadığı baş rollar mənfi qəhrəmanlar olsa da - gəzəyən, şorgöz kişi tipləri ¬- həyatda tam fərqli insan idi. Çox ailəcanlıydı.
Hacının iki evi vardı, biri teatr, biri də yaşadığı ev. Dostları ilə restorana getsin, yesin-içsin, bu kimi vərdişləri yox idi. Qonaqlıqda, toyda, tədbirdə yarım saatdan çox oturmazdı. Evə tez gəlməyə çalışardı. Mənimlə evləndikdən sonra dincliyi, rahatlığı, qayğısı təmin olunmuşdu. Bir qadın kimi ona lazımı qədər sevgi, qayğı, sevgi, diqqət göstərmişəm. Özümə qarşı da eyni münasibəti görmüşəm.
Mən elə bir xanımam ki, özümə diqqət görməsəm, o münasibəti başqasına göstərə bilmərəm. Hər sözümün qarşılığında ondan "can, qurban olum" kəlmələri eşitmişəm. Diqqəti sevən insanam. Hacı məni baxışımdan anlayırdı. Kütlə içində, tünlükdə, məclisdə bir baxışımdan Hacı bilirdi ki, nəyi bəyəndim, nəyi yox... Hətta yaxınlarımızdan biri deyirdi ki, həmişə Hacının üzünə baxanda görürdüm, sənin gözünün içinə baxır ki, sən nə deyəcəksən...
- Bildiyimə görə, Hacıbaba müəllimlə ailə qurarkən yalnız ananız dəstəkləyib. Bəs, yaş fərqinizə görə ətraf necə qarşıladı?
-Uzun müddət evli olduğumuzu gizlətdik. Doğrusu, qohumlarımız çox pis qarşıladı. Hərə bir söz deyirdi. Üzümə təbii ki, söz deyə bilməzdilər, heç kimin buna cürəti çatmazdı. Ancaq eşidirdik danışırlar ki, Hacı ilə çox yaş fərqi var, atası yaşında kişi ilə ailə qurur, Hacıbaba imkanlı olduğuna görə Arzu onunla evlənir. Halbuki o vaxt Hacı evsiz-eşiksiz idi, teatrda yaşayırdı. Onunla ailə qurduqda anamdan başqa dəstəkləyənim yox idi. Söhbət qohumlardan gedir... Əslində sirrimi bildirən də deyildim.
Hacının nikahlı, kəbinli arvadı idim, ancaq bunu heç kimə açıqlamırdım. Bir müddət sonra birlikdə verilişə çıxdıq və hamı evlənməyimizdən xəbər tutdu. Biz öz həyatımızı qurduq. Ətraf bizi maraqlandırmırdı. Çox xoşbəxt idim, amma bu gün bir qadın kimi xoşbəxt deyiləm. Xoşbəxtliyim övladım və anamdır.
Amma hər qadına sevgi, məhəbbət lazımdır, bu hisslər qadını yaşadır. Mən yalan danışmağı sevmirəm. Yaşım 45-i keçib. Elə yaşdayam ki, kiminsə fikri mənim üçün önəmli deyil. Cavanlıqda da belə olmuşam. İndi kim mənimlə maraqlanır? Arzunun xoşbəxt olub-olmadığı kimi maraqlandırır?
Mənim nənəm evdə neçə il tək yaşadı, babam müharibədə həlak olmuşdu. Amma dinimizdə də var ki, bir qadın üç aydan çox yalqız qala bilməz... Hətta kişi də...
Bu gün mənim üçün ailə həyatı qurmaq çox çətin olar. Çünki o qədər diqqət, sevgi görmüşəm ki... Allaha şükür isti yuvam, övladım var. Allah məni çox sınaqlara çəkib, inşallah anamla, övladımla sınağa çəkməz...
- Qızınız ailə qurduqdan sonra evlənməyi düşünürsünüzmü?
-Belə bir söz var: "Böyük loxma ye, böyük söz danışma". Mən bu gün beş il sonranın söhbətini danışıb, müsahibəni oxuyan insanların qarşısında yalançı vəziyyətdə qala bilmərəm. Həyatımda heç kim yoxdur. Axtarmıram, axtarışında da deyiləm. Həyatımı sakit keçirirəm. Evimlə, işimlə, problemimlə, sağlamlığımla məşğulam. Bəlkə həyat qarşıma 5-10 ildən sonra bir insan çıxardı... Övladım ailə həyatı qurdu, mən tək qaldım. Heç kim bilmir ki, gələcəkdə hansı hadisə baş verəcək. Rusların bir sözü var: "Heç vaxt "heç vaxt" demə".
- Hansısa çətinliklə qarşılaşarkən Hacıbaba müəllimlə evləndiyinizə görə peşman olmursunuz ki?
- Vallah, peşman olmuram. Peşmanlığım yalnız Hacı ilə gec ailə qurmağım, gec qarşılaşmağımdır. Kaş Hacı övladımızın böyüdüyünü görərdi.
Övladımın bütün problemləri tək mənim üzərimdədir. İndi uşaq oxutmaq çox çətindir. Mən də qızıma yaxşı təhsil verməyə çalışıram. Fransız liseyində oxuyur, musiqi ilə məşğul olur, rəssamlıq qabiliyyəti var. Dörd dildə sərbəst danışır. Bu şəraiti yarada bilmişəmsə, xoşbəxtəm.
- Hazırda gəliriniz hardandır? Biznesiniz varmı?
- Biznesim yoxdur. Elə bilirlər ki, mənim ailə biznesim var, olsa deyərəm. Heç kim mənim əlimdən heç nəyi almır. Heç kimdən də çəkinmirəm. Əksəriyyətin maddi vəziyyəti yüksək deyil. Mən də onlardan kənarda qalmıram. Amma çox şükür, evim var, bir tikə çörəyimi tapıram. Mən aza qane olan adamam. İnsanlar fərqlidir, bəzən evləri olur, yenə də naşükürlük edirlər. Evim var, maşınım var. Bundan artıq insanın nəyi olmalıdır?..
- Hacıbaba müəllimin sağlığında maşın sürürdüz?
- Ailə qurmağımızın beş illiyində Hacı mənə maşın hədiyyə etmişdi. Amma maşın sürə bilmədim, mexanika ilə işləyən maşın mənə çətin idi. Halbuki gənclik illərimdə də maşınım olub. İlk dəfə sürücülük vəsiqəsini 1993-cü ildə almışam. Mənə bir dəfə Hacının dostlarından biri dedi ki, görürsən, Hacı sənin üçün sürücü vəsiqəsi də aldı. Cavab verdim ki, ilk sürücülük vəsiqəsi özüm-özümə almışam. Hacı ilə sürücülük vəsiqəsini dəyişdirdik.
Hacı maşını kredit ilə alınmışdı. "Hundai" markalı maşın idi. Hacının özünün başqa maşını, sürücüsü var idi. Onu da deyim ki, maşın bir il qarajda qaldı. Hacı mənə maşın idarə etməyə icazə vermirdi. Çünki narahat olurdu. Maşın sürə bilirdim, amma şəhərin içində idarə edə bilmirdim. Sürücümüz ilə üç gün şəhərin içində sürməyi öyrəndim. Üçüncü gün maşını idarə edəndə Hacıya dedim ki, eyvana çıx, sənə sürprizim var. Bilirdi ki, maşın sürməyə gedirəm. Amma bilmirdi ki, mən idarə edəcəm.
Gördü, avtomobili mən idarə edirəm. O dəqiqə zəng etdi ki, Arzu, qurban olum, tez evə get narahat oluram, maşın sürəndə telefonla danışma. Daha sükan arxasında oturmadım.
Hacı dünyasını dəyişdikdən sonra sürücüsüz qaldım. Hər zaman sürücü ilə harasa gedən insan üçün sürücüsüz qalmaq çox çətin idi. Hacını itirməklə hər şeyi itirmiş oldum. O qədər sıxıntıdaydım ki... Hər şey gözləmədiyim anda baş verdi.
Mənim üçün çox böyük bir fəlakət idi (kövrəlir). Hacının "qırxı"nın səhəri maşınla evə çörək, ərzaq almağa çıxdım. İnanırsınız ki, anam mən gedib-gələnə qədər eyvanda gözlədi. Düşündü ki, maşını tək necə idarə edəcəm. Anama dedim ki, artıq biz hər şeyə öyrəşməliyik, evin həm kişisi, həm qadınıyam. Mənim də qismətim belədir.
Mən heç vaxt anamı, övladımı öz problemlərimə şərik olmağa icazə vermirəm. İstəmirəm ki, hansısa kiçik problemimi bilsinlər. Həmişə deyirəm ki, siz hansısa problem yaşasanız, mənim ölən günümdür.
- Sirr deyil ki, Hacıbaba müəllimin sizdən əvvəl də ailəsi olub. Onlarla münasibətiniz necədir?
- Hacının birinci ailəsi ailə olmayıb. Qeyri-azərbaycanlı qadınla ailə həyatı qurub, amma rəsmi nikahları olmayıb. Ondan Şaşa adlı oğlu var. O xanım Hacı əsgərlikdə olanda xəyanət edib. Ona görə ondan ayrılıb. O hadisələr mənim üçün dərd, problem deyil və istəmərəm dünyasını dəyişən xanım haqqında nə isə pis bir fikir deyim. Hərdən Saşa ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayırıq.
Hacının oğlu 5 yaşından Rusiyada yaşayır. Anası təzə ailə qurub və Rusiyaya köçüb.
Saşa hazırda 63 yaşındadır. Hacı oğlunu uzun müddət görməyib. Hacı mənimlə ailə həyatı qurduqdan sonra qonaq dəvət etdik, həyat yoldaşı ilə gəldi.
İkinci ailəsindən də bir qızı var. Onunla telefon vasitəsilə əlaqə saxlayırıq. Ürəyindən əməliyyat keçirmişdi, mən də bacardığım qədər kömək etdim. Onunla danışıram, hal-əhval tuturam. Deyim ki, bir-birimizin ailəsinə gedib-gəlirik, yalan olar. Hacının həyatında məndən əvvəl kimlər olubsa, mənim üçün problem deyil. Məndən sonra olmasın...
- Hacıbaba Bağırov dünyasını dəyişdikdən sonra övladları ilə miras problemi oldumu?
- Qızı miras davası açmışdı. Hacı hələ sağlığında demişdi ki, "mən dünyamı dəyişdikdən sonra səndən başqa vərəsəm olmasın deyə cənab prezidentin verdiyi evi sənə hədiyyə edirəm". Hədiyyə də Azərbaycan qanunlarına görə, bölünməz əmlak sayılır. Ona görə də miras davasının heç bir nəticə olmadı. Bir dəfə məhkəmə oldu, ikinci məhkəməyə ehtiyac qalmadı.
- Hacıbaba Bağırov tanımış insan idi, aktyor idi. Ətrafında aktrisalar vardı. Qısqanırdınızmı?
-Hacını havaya belə qısqanırdım... Televizorda reklam izləyəndə reklamda çəkilən xanıma da qısqanırdım. Ona görə deyirəm ki, Hacıdan sonra ailə qurmaq mənə çətin olar. Mənim xasiyyətimə ancaq Hacı dözə bilərdi, başqa heç kim... Həyat yoldaşıma nə qədər diqqət göstərirəmsə, iki qat ondan diqqət gözləyirəm. Çox qısqanc olmuşam və bunu da heç vaxt gizlətməmişəm. Sevgi olan yerdə qısqanclıq olmalıdır.
- Qısqanclığa görə mübahisə edirdinizmi?
- Hacı mənim xasiyyətimi bilirdi, ona görə məndən çox çəkinirdi, hörmət edirdi. Düzdür, Hacı harasa gedən kimi hər kəs qabağına qaçırdı, diqqət göstərirdi. Aktyor kimi hamı onu sevirdi. Təbii ki, mən onu xanımları qısqanırdım.
Normal qadın deməməlidir ki, həyat yoldaşım hara getsə, yanıma qayıdacaq.
- Evləndikdən sonra Hacıbaba Bağırovun tamaşalarına gedirdinizmi?
- Evləndiyimiz gündən mənsiz bir tamaşası olmayıb. İşinə çox məsuliyyətli idi. Mənə deyirdi ki, Arzu, qrim otağına gedəcəm, tez gəl. Elə bilirdi, mən orada olmasam təzyiqi yüksələcək. Deyirdi, sən yanımda olmayanda elə bilirəm, təzyiqim yüksələcək və heç kimi mənə kömək edə bilməyəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?