Bütün ölkə Beyləqan rəhbərliyinin əməlləri danışır, Vaqif Abdullayevin tualetin açılışında iştirakı və rayoun çıxışındakı kanalizasiya xəttinin birləşdiyi yeri satması aranı qarışdırıb
Beyləqan rəhbərliyinin əməlləri aranı qarışdırıb. Rayon məmurlarının ard-arda yol verdiyi rüsvayçı işlərdən ölkə danışır. İcra başçısı Vaqif Abdullayev və onun əlaltısı olan məmurların hərəkətləri mətbuatda, sosial şəbəkələrdə müzakirə mövzusudur.
Əvvəlcə, başçının kanalizasiya xəttini satması, sonra yaponlarla tualet açılışında iştirakı səs-küyə səbəb olub, məsxərəyə qoyulub. “Gündəm-xəbər” bildirir ki, Beyləqanda kanalizasiya xəttinin üstündə obyekt tikilməsi xəbəri ajiotaj doğurub.
Bu haqda ilk vizual.az məlumat yayıb. Belə ki, Beyləqanın çıxışındakı bütün kanalizasiya xəttinin birləşdiyi yerin satılmasında rayon icra başçısı Vaqif Abdullayevə su idarəsi müdiri də köməyini əsirgəməyib.
Onun bu bazarlıqda nə qədər gəliri olduğu açıqlanmasa da, icra başçısının qarış-qarış satdığı ərazilərə rayonun kanalizasiya xəttinin birləşdiyi yeri də əlavə etməsi ona böyük pullar qazandırıb.
“Azərsu” ASC isə ya bu fakta göz yumur, ya da xəbəri yoxdur ki, yerli idarəsi Beyləqanda hansı işlərə imza atıb. Reallıq isə həmin fotoda öz əksini tapıb. Hər halda "Azərsu” prezidenti Qorxmaz Hüseynov rayondakı kadrının əməlindən bu foto ilə agah ola bilər. Yada salaq ki, kanalizasiya xəttinin üstündə ticarət obyekti artıq tikilməyə başlanıb. Bu da kanalizasiya xəttinin sıradan çıxmasına səbəb ola bilər.
Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi bildirilir. Cəbhə xəttində müharibə getdiyi bir zamanda hərbi hissədə şöbə rəisinin məşğuliyyəti kanalizasiya xəttinin üstünü alaraq özünə obyekt tikdirib, güzəran qurmaqdan ibarətdir.
Məlum olub ki, hələ 2012-ci ildə prezident İlham Əliyev Beyləqanın su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib. Hələ 4 il qabağa gedib çıxan bu tarixə nəzər salanda aydın olub ki, bu layihənin reallaşmasından ayrılan vəsaitlərin böyük hissəsi mənimsənilib.
Digər bir məlumat tualet açılışıdır. Bu işdə maxinasiyaların olması istisna deyil. Qeyd olunur ki, mərasimdə hətta, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də iştirak edib.
Tədbirin “ən maraqlı” məqamı isə ondan ibarət olub ki, tualetin açılış mərasimində Azərbaycan himni səsləndirilib. Öz tərəfimizdən qeyd edək ki, Azərbaycan tarxində bəlkə də ilk dəfədir ki, belə bir analoqu olmayan “hadisə” baş verib.
Özü də indiyədək tək bizdə deyil, dünyanın hələ heç bir yerində tualetin açılış mərasimi kimi hadisə yaşanmayıb, yaşanıbsa da, görünür, biz bu “tarixi anı” qaçırmışıq. Beləliklə, başçı tualet açır, idaər müdiri kanalizasiyanın üstünü satır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?