Sökürlər-tikirlər... tikirlər-sökürlər... Rayonda muzeyi əvvəl əsaslı təmir etdilər, sonra da sökdülər
«Dəfələrlə əsaslı təmir olunub. İndi yenə söküb təzədən tikirlər. Hamısı pul yeyintisindən xəbər verir. Deyirlər, muzeyin yeri satılıb, burada market tikəcəklər». Xaçmaz sakini Heybət Əmrahov deyəndə ki, rayonun mərkəzindəki Tarix-Diyarşünaslıq Muzeyini təmir etməkdə və sonradan onu sökməkdə məqsəd var, muzeyin direktoru Aqil Əlisultanov bu fikirlə razılaşmırdı. Deyirdi ki, binanın istismar müddəti çoxdan bitib, ona görə də söküb yerində yenisini tikirlər. Muzey direktoru ötən ilin sonunda belə demişdi: «Gördüyünüz kimi, daşlar çürüyüb, dam örtüyü bərbad gündədir, binada nəmişlik var. Bir sözlə, müasir tələblərə cavab vermir. Muzeyin yenidən inşa olunaraq ziyarətçilərə təqdim olunması gələn ilin may ayının 10-na - ümummilli lider Heydər Əliyevin 90 illiyinə planlaşdırılıb». Aqil Əlisultanov isə qeyd edirdi ki, muzeyin yeni binası elə köhnə binanın yerində inşa ediləcək. Muzeyin binası 2006-cı ildə əsaslı təmirdən çıxıb. Prezident İlham Əliyev Xaçmaza səfəri zamanı yeni təmirdən çıxmış binaya da baş çəkib. Ancaq bir neçə ay keçdi və rayonun icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev muzey binasının taleyindən söz açanda bəlli oldu ki, direktorun yox, sadə sakinin dedikləri həqiqətə daha yaxınmış. Çünki muzey binası söküləndən sonra ərazidə daş-daş üstə qoyulmayıb. Rayon rəhbərliyi binanı başqa yerdə tikməyə qərar verib. İcra başçısı: «Mən sökmüşəm o binanı. Hələlik bilmirəm yerində nə tikiləcək. Muzeyin binası birmərtəbəli, kərpicdən tikilmiş bir şey idi. Sahəsi cəmi 630 kvadrat idi. O bina 1902-ci ildə tikilmişdi, əvvəl dəmiryolu işçilərinin yataqxanası olub. 1971-ci ildə poçt binası kimi, 1981-ci ildən isə Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərib. Dağılıb gedirdi, pis vəziyyətdə idi». İcra başçısı deyir ki, indi Tarix və Diyarşünaslıq Muzeyi Şəxsiyyətlər Muzeyinin içərisində tikilir: «Sökdüm, ondan dörd dəfə böyük sahədə - 3 mərtəbəli, 3300 kvadratmetr sahəsi olan Şəxsiyyətlər Muzeyində tikirəm. Özüm də memaram, memarlıq baxımından həmin muzey indi çox gözəl tikilir». Başçı muzeyin keçmiş yerinin gələcəkdə hansı məqsədlə istifadə olunacağını demədi: «Öz torpağımızdır, hər yerə verə bilərik, əlimizdə olan bir işdir. Kimə nə var?». «Ancaq keçmiş muzey 2006-cı ildə təmirdən çıxmışdı. İstismar müddəti bitmişdisə və söküləcəkdisə, niyə xərc çəkib əsaslı təmir etmişdiniz» sualımıza başçı belə cavab verdi: «O vəziyyətdə qoya bilməzdik qalsın. Təmir lazım idi. Prezident də gəlib baxdı, tək o muzeyə baxmadı, Xalçaçılıq Muzeyinə də baxdı, sonra o muzeyi də sökdüm, yerində daha genişini tikdim. Bu, inkişafdır. Ola bilsin ki, sabah başqa bir muzeyi də söküb yerində yenisini tikəcəyəm. O demək deyil ki, xərc qoymuşuq, sökə bilmərik». Başçı nə keçmiş muzeyin əsaslı təmirinə, nə də indiki muzeyin tikintisinə ayrılan xərclərdən danışmadı. Bircə onu bildirdi ki, muzeyin açılışı bu ilin sentyabr ayına planlaşdırılıb. İqtisadçı-ekspert Rövşən Ağayev 6 il əvvəl təmir-bərpadan çıxmış muzey binasının özüldən sökülüb yenidən tikilməsini büdcə vəsaitinin səmərəsiz istifadəsi və yeyintisi kimi qiymətləndirir: «2006-cı ildən cəmi 6 il keçib. Mümkün deyil ki, bina 6 il ərzində bu qədər aşınmaya məruz qalaydı və onu söküb yenidən tikməyə zərurət yaranaydı. Burda açıq-aşkar büdcə yeyintisi, büdcə oğurluğu var». Ekspertin fikrincə, bina 1902-ci ildə tikilmişsə, 2006-cı ilə qədər ömrünü çoxdan başa vurmuşdu. Belə binalar əvvəl ciddi şəkildə ekspertiza olunmalı, təmirdən sonra nə dərəcədə uzunömürlü olacağı müəyyən edilməli, sonra təmir olunmalıydı: «Ekspertiza göstərsəydi ki, binanın ömrü çox qısadır, o zaman büdcədən vəsait sərf etməyə dəyməzdi». Ekspert deyir ki, Hesablama Palatası hər il büdcə vəsaitlərinin səmərəli istifadəsi ilə bağlı analitik araşdırmalar, auditlər aparır. Muzey binasının sökülüb yenidən tikilməsi dövlət büdcəsi hesabına həyata keçirildiyinə görə məsələyə Hesablama Palatası qiymət verməlidir. Elə sadə xaçmazlı Heybət Əmrahov da rayon rəhbərliyinin hərəkəti ilə barışmır. Deyir, bina istismar müddətini başa vurmuşdusa, pul töküb əsaslı təmir etməyə nə lüzum vardı?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?