Həbsdən 1 il öncə çıxan şəxs yenidən oğurluq edib.
Kəpəz TV (Region TV) xəbər verir ki, Qazaxda yerləşən böyük ticarət obyektini qarət edərək 2 aya yaxın polisdən gizlənsə də, növbəti oğurluğu onu ələ verib. Yaşadığı Ağköynək kəndində Rasim Nəsibova məxsus mağazanı talayıb, min manat dəyərində tütün, ətir və digər mallar oğurlayan Adil Hacıyev Qazax polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Cinayət əməli törədərək əldə etdiyi qənimət kənd sakininin evindən tapılıb.
İlkin ifadəsində Adil Hacıyev 2 ay öncə ticarət obyektindən oğurladığı 2 kq 600 qram çəkisi olan gümüş qolbaqları və boyunbağıların bir qismini paytaxtda 600 manata satdığını etiraf edib. Onlardan bir qismini isə evində saxlayıb. Sonuncu oğurluğu gecə saatlarında törədən Adil Hacıyevi mağazanın pəncərəsini sındırdığı üçün əlini yaralaması ələ verib. Oğurluqla yüksək məbləğdə pul əldə edərək xarici ölkələrdən birinə gedəcəyini düşünən Adil Hacıyevin planı baş tutmayıb.
Əvvəllər məhkum olunmuş şəxsin digər cinayət hadisələrində iştirakı istisna edilmir. Faktlar üzrə araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?