2016/2017-ci tədris ilində ümumtəhsil məktəblərinin IX sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurilulumları) əsasında tərtib edilmiş dərsliklər istifadəyə veriləcək.
Bu barədə Təhsil Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq deyilib. Məlumatda qeyd edilib ki, ümumtəhsil məktəblərinin I və V sinifləri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dərslikləri Qiymətləndirmə Şurasının ekspertlərinin rəy və təklifləri əsasında əsaslı şəkildə təkmilləşdirilərək yenidən çap olunacaqlar. 2016/2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX siniflər üzrə 261 adda dərslik çapı nəzərdə tutulur.
Növbəti tədris ili üçün hazırda dərsliklərin çapı istiqamətində hazırlıq işləri gedir və ümumtəhsil məktəbləri üçün çap olunacaq dərsliklərin iyul-avqust aylarında məktəblərə çatdırılması nəzərdə tutulur. Məlumatda həmçinin vurğulanıb ki, hər il tədris ili başlandıqdan sonra yerlərdən dərslik çatışmazlıqları ilə bağlı müraciətlərin daxil olması müşahidə edilir. Bunun da əsas səbəbi tədris ilinin sonunda şagirdlərin məktəb yerdəyişmələri və xarici ölkələrdən respublikaya gələn şagirdlərin hesabına mövcud şagird kontingentinin dəyişməsidir.
Nazirlikdən həmçinin dərsliklərinin dilinin ağır olması məsələsinə də aydınlıq gətirilib. Qeyd edilib ki, dərsliklərin dil və yazı üslubunun ağırlığı məsələsi hər kəs üçün fərqli yanaşmadır. Buna baxmayaraq dil-üslub, elmi-metodik və dizayn-bədii tərtibat baxımından dərsliklərdə mütəmadi düzəlişlər edilir.
Dərsliklərin hazırlanması istiqamətində həyata keçirilən yeniliklərdən biri də odur ki, 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında ilk dəfə olaraq tərtib edilmiş dərslik layihələri rəy və təkliflərin bildirilməsi üçün www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilib.
Yaxın günlərdə isə I və V sinif dərsliklərinin də layihələri ictimai rəyin öyrənilməsi məqsədilə sayta yerləşdiriləcək. Həmin səhifəyə daxil olaraq yerləşdirilmiş dərslik layihələri ilə tanış olmaq və fikir bildirmək mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?