İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Elman Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Elman Xankişiyev 24 avqust 2014-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə 87,228 qram çəkidə narkotik vasitə olan heroin və 6,905 qram narkotik vasitə olan tiryək əldə edib. O, narkotik vasitəni özündə saxlayıb və malların aşkar edilməsini çətinləşdirmək üsullarından istifadə etməklə həmin narkotik maddələri 2 ədəd şəffaf polietilen bağlamada protez ayağında olan borunun içərisinə yerləşdirib.
Bundan sonra Elman Xankişiyev avqustun 25-də, saat 16.00-da Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycanın gömrük sərhədindən gizli keçib. Amma onu postda gömrük əməkdaşları saxlaya bilib.
Elman Xankişiyev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Xankişiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elman Xankişiyev apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Elman Xankişiyev bildirib ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun anasının ağır xəstə olmasını, ailədə yeganə gəlir mənbəyi olmasını və müharibə əlilli olmasını yüngülləşdirici hallar kimi nəzərə almayıb. O, qeyd edib ki, məhkəmə ona həddən artıq ağır cəza təyin edib. Elman Xankişiyev cəzasının yüngülləşdirilməsini xahiş edib.
Elman Xankişiyevin müdafiəçisi Kənan Əbdürəhmanov eyni məzmunlu çıxış edib. Daha sonra çıxış edən dövlət ittihamçısı Ədalət Əzimov bildirib ki, Elman Xankişiyevin apelyasiya şikayətinin dəlillərinin əsassızdır.
Dövlət ittihamçısı qeyd edib ki, Elman Xankişiyevin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
düzgün tövsif olunub: “Ona cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alınıb. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların yoxdur”.
Daha sonra müşavirə keçirilən hakimlər apelyasiya şikayəti üzrə qərar elan ediblər. Qərara görə, Elman Xankişiyevin apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?