Arzu Bəndəliyevin 170 işçisindən 135-i işə gəlmir, onların əmək haqqları isə müdirin cibinə gedir
Vaqif Abdullayev Beyləqan rayonuna icra başçısı təyin olunandan sonra bir çox idarə və müəssisə rəhbərlərinin üzləri gülməyə başlayıb. JAM.AZ xəbər verir ki, bəziləri bu təyinatdan sonra sovet maşınından düşərək, bahalı alman maşınlarında şütüməyə başlayıb. Bəziləri isə uçuq evlərdən çıxaraq, villaya sahib olublar. Onlardan biri isə Beyləqan rayon Kommunal Müəssisələr Kombinatının müdiri Arzu Bəndəliyevdir. Verilən məlumatlarda vurğulanır ki, Vaqif Abdullayevin icra başçısı olmasından sonra imkanları xeyli artan Arzu Bəndəliyev böyük gəlirlərə sahiblənməyə nail olub. Hətta iş o yerə çatıb ki, adi Vaqif Abdullayevin başçılığı Arzu Bəndəliyevə böyük məbləğlər qazanmağa şans verib. Artıq rayonda onu oliqarx olaraq qəbul etməyə başlayıblar. JAM.AZ-a verilən məlumata görə, dövlət büdcəsindən ayrılan vəsaitləri ustalıqla xırd etməyi bacaran Bəndəliyevin əsas gəlir yerlərindən biri işçilərdir. Düzdür, o, işçilərindən aylıq pul yığdırmır və ya onların maaşlarından kəsmir. Amma «komunxoz»un müdiri 100-dən artıq işçinin maaşını özünə götürməklə, hər ay heç də kiçik rəqəmlərlə ifadə olunmayacaq pullar qazanır. Bildirək ki, Beyləqan Kommunal Müəssisələr Kombinatının rəsmi olaraq 170 nəfər işiçisi var. Onlardan cəmi 25-30 nəfəri işə çıxır. Yerdə qalanlar isə «ölü canlılar»dır. Yəni, həmin 130 nəfərdən artıq adı olub, özü olmayan işçilərin əmək haqqılarını Arzu Bəndəliyev özünə götürür. Elə onların adına olan əmək haqqı kartlarının da kassasında olduğu deyilir. Qeyd edək ki, bu qədər işçinin əmək haqqısı orta hesabla 13-14 min manata yaxındır. Və bu hər ay təkrarlanan haldır. Yəni, adları olub, özləri olmayan işçilərə staj yazılır, maaşları isə müdirə çatır. Bir növ, maaşlarını verib, stajlarını təminat altına alırlar. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Arzu Bəndəliyev məhz bu pullar sayəsində özünə bahalı villa inşa etdirib. Onun Bakıda və rayonda obyektlərinin olduğu deyilir. Üstəlik, bu şəxs pulları təkbaşına yeməyə üstünlük verdiyindən icra başçısı Vaqif Abdullayevi də aldadır. Məlumatlara görə, Beyləqanın icra başçısı digər idarə və müəssisə rəhbərləri kimi, Arzu Bəndəliyevdən də aylıq haqq istəyir. Amma «komunxoz»un müdiri hər dəfəsində «daha əvvəlki kimi qazanc yoxdur» deyə, aylıq hesabları kiçiltməyə başlayıb. Lakin sonradan məsələdən xəbər tutan icra başçısı onu işdən çıxaracağı ilə hədələyib. Gözləntilərə görə, yaxın günlərdə sözügedən müəssisədə rəhbərlik dəyişikliyinin olacağı istisna deyil. Qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?