Məhkəmə şirkətin borcunun silinməsi barədə qərar qəbul etdi
“Sumqayıt Xovlu İplik” ASC ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi arasında məhkəmə mübahisəsi yaranıb. ASC-nin fonda 69348,09 manat məbləğində borc yaranıb.
Bu səbəbdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi ASC-ni məhkəməyə verib. ASC-də borcun silinməsi üçün qarşılıqlı iddia qaldırıb.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində işə baxan hakim ASC-nin iddiasını qismən təmin edib. ASC-nin dövlət qurumuna olan borc silinib. İddia qalan hissələrdə təmin edilməyib.
Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən apelyasiya şikayəti verilib. Şikayət Sumqayıt Apelyasiya Məhkəməsində, hakim Səadət Bəktaşinin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin nümayəndəsi Rafiq Hüseynov bildirib ki, “Sumqayıt Xovlu İplik” ASC-nin təqdim etdiyi DSMF hesabatlarına əsasən 1 oktyabr 2015-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 68845,84 manat, 2 pensiya üzrə 1400,95 manat,
cəmi 70246,79 manat borcu yaranıb: “Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə iddiaçının xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməyib. Bu səbəbdən cəmiyyətin bank hesablaşma hesablarına sərəncam qoyulub. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta, bu qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi və ya onun silinməsi sığorta olunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququndan məhrum edir. “Sumqayıt Xovlu İplik” ASC-yə hesablanmış borc silinərsə iddiaçıda işləyən işçilər gələcəkdə pensiyaya çıxdıqda hüquqları pozulacaq”.
Rafiq Hüseynov çıxışının sonunda birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edib.
“Sumqayıt Xovlu İplik” ASC-nin nümayəndəsi Fəttah Fərəcov apelyasiya şikayətinə etiraz edib. O, bildirib ki, mübahisələndirilən 69348,09 manat məbləğində pul vəsaiti iddia müddəti keçmiş məcburi dövlət sosial sığorta haqqı üzrə yaranıb və tətbiq edilmiş maliyyə sansksiyasından ibarət borc məbləğidir: “Həmin borc məbləği 2003-2006-cı illər üzrə yaranıb. Cavabdeh isə həmin məbləği iddiaçıdan tələb etməyib. Bu səbəbdən yaranmış borc üzrə tələb etmə müddəti keçirildiyindən cavabdeh orqana müraciət edilərək, borcun silnməsi və borcla əlaqədar bank hesablaşma hesablarına qoyulmuş inkasso sərəncamlarının götürülməsi xahiş edilib. Lakin inzibati orqan öz publik hüquq səlahiyyətlərindən istifadə edərək, borcun tələb edilməsi üçün müddətin keçməsinin aşkar olmasına baxmayaraq, borcu silməyib və onun qanunsuz hərəkətləri iddiaçının hüquqlarının pozulmasına səbəb olub”.
ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib. Hakimlər Dövlət Sosial
Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin apelyasiya şikayətinin təmin edilməsi barədə qərar elan ediblər.
Sorğu
Yeni dizaynımız necədir?