"Bakı Nəqliyyat Agentliyi bu ilin yayında yeni avtobus marşrutlarını işə salmağı planlaşdırır".
gundemxeber.az bildirir ki, bunu Trend-ə agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, yeniliklər "BakuBus" şirkətini və digər daşıyıcıları əhatə edəcək. N. Allahyarova qeyd edib ki, ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması üzrə işlər görüləcək, çünki hazırda eyni istiqamət üzrə bir neçə avtobus marşrutu fəaliyyət göstərir: "Bəzi hallarda isə kifayət qədər kiçik məsafəni qət etmək üçün sərnişin bir neçə marşrutdan istifadə etməyə məcburdur ki, bu da yolverilməzdir".
O əlavə edib ki, yay ərzində "BakuBus" şirkətinin daha 4 marşrutunun işə salınması planlaşdırılır: "Əvvəlcədən "BakuBus"ın planlarına 14 marşrutu işə salmaq var idi. Hazırda Bakıda "BakuBus" şirkətinin 10 marşrutu fəaliyyət göstərir, yay ərzində "BakuBus" şirkətinin daha 4 marşrutunun işə salınması planlaşdırılır".
Onun sözlərinə görə, yay aylarında bu yeniliklərin tətbiqinin səbəbi həmin zaman şəhərdə hərəkətin sıxlığının xeyli aşağı olmasıdır və bu, sakinlərə yeni marşrutlara asan uyğunlaşmağa imkan verəcək.
N. Allahyarova həmçinin bildirib ki, "Bakubus" şirkətinin marşrutlarının birində yeni 18 metrlik avtobus işləyir: "Bu avtobus 1 nömrəli marşrut üzrə ("Koroğlu" metro stansiyası - "28 May" metro stansiyası) işləyir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?