Siyasi ictimai fəal Rüfət Xudaverdiyev : Azərbaycanda demokratik seçki keçirilməsi hər kəsin əsas arzusudur. - Azərbaycanda seçki sonrası vəziyyəti necə qiymətləndirirsiniz? - Düşünürəm ki, seçki bitsə də, seçki öncəsi məsələlər hələ də problem olaraq qalmaqdadır. Artıq hökuməti tənqid edən fərdlərə və qruplara qarşı seçki sonrası təzyiqlərin işartıları hiss olunmaqdadır. Ölkədə insan haqlarının vəziyyəti narahatlıq doğurur, rəsmilər xüsusilə toplaşma və müstəqil fikir ifadə kimi fundamental azadlıqlara qarşı, presedentsiz təzyiqlərdə iştirak edirlər. Müstəqil seçki müşahidəçilərinə, tənqidi qəzetlərə qarşı başlanan proseslər, seçki sonrası basqıların tez bir zamanda qızışacağına işarədir. - Cəmiyyətdə, xüsusilə də gənclər arasında siyasi aktivliyin artdığını hiss edirsiniz? - Hesab edirəm ki, gənclər arasında aktivlik nisbətən çoxalıb. Amma xalqın iradəsinə hörmət olunmayanda, bu insanlarda ruh düşkünlüyü yaradır. Buna baxmayaraq, bəzi insanlar artıq gələn il keçiriləcək bələdiyyə seçkiləri barədə düşünür və bu da gənclərin yenidən seçki prosesinə qoşulmasına imkan yaradır. - Azərbaycanda hakimiyyətin dinc yolla dəyişilməsi mümkündürmü? - Seçkilərdən öncə müxalifət, fəaliyyətlərinin yalnız Azərbaycan qanunları və Konstitusiyası çərçivəsində olacağını bildirmişdilər. Başqa yolla dəyişikliyin marağında olan yoxdur. Ancaq islahatların indi həyata keçirilməsi çox vacibdir. İlbəil vəziyyət dramatikləşir, prezident gündən-günə gücünü artırır, bütün bunlar ölkədə vəziyyətin yenidən gündəmə gəlməsinə səbəb olur. Ölkədə müsbət dəyişikliklərin baş verməsi qaçılmazdır. Azərbaycanda demokratik seşkinin keçirilməsi, həm gələcəyimizin təminatı olar, həm də vətəndaş inamının artması ilə də nəticələnər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?