O, Şəhər Narkoloji Dispanserin həkimlərinin verdiyi saxta arayış əsasında həbs edilib
Paytaxtın Bayıl qəsəbəsi, 4-cü Buxta döngəsi, ev 35, mənzil 14-də qeydiyyatda olan Pərviz Məmmədov şərlənərək həbs olunub. Bu barədə onun anası Qəribə Məmmədovanın redaksiyamıza yolldığı məktubda söhbət açılır. Q.Məmmədova yazır ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsində oğlu Pərviz Məmmədovun cibinə narkotik vasitə atıblar. Oğlunun ümumiyyətlə siqaret belə çəkmədiyini qeyd edən ana polislərin etdiyi haqsızlığı və bu məsələnin arxasında hansı vəzifəlilərin dayandığını belə izah edir: “Bu il aprelin 27-də səhər tezdən yaşadığımız evin həndəvərini polislər mühasirəyə aldı. Onlar heç bir order təqdim etmədən evimizə basqın etməyə cəhd etdi. Dedilər ki, bizə oğlunuz Pərviz Məmmədov lazımdır. Gözlənilməz xəbərdən II qrup əlil olan xəstə yoldaşım, ailə üzvlərimiz xeyli stress keçirdik ki, normal və sakit həyatını yaşayan oğlumdan bunlar nə istəyir?Polislər bir neçə saat evimizin ətrafında gözlədilər. Həyat yoldaşım 8-ci polis bölməsinin rəisi Vüsal Qaraşovla görüşüb, məsələyə aydınlıq gətirməsini istədi. Orada rəis həyat yoldaşıma bildirib ki, sizin ailə həyatınıza təhlükə var, oğlunuz Pərvizdən istintaq sirri olan bir məsələ ilə bağlı söhbət edib, yenidən sərbəst buraxacağıq, ona görə narahat olmayın. Yoldaşım polislərin evimizin saatlarla mühasirəyə almasına etirazını bildirdikdə və bunun qanunsuz olduğunu söylədikdə, buna V.Qaraşov möhkəm qəzəblənib. Həyat yoldaşım bölmədə olduğu vaxt polislər evimizə basqın edərək oğumu döyərək, zorla evdən apardılar. Mane olmaq istəyəndə onlar bizə də fiziki təzyiq göstərdilər. Onların qəfildən evimizə basqını mənim və qızımın psixoloji sarsıntı keçirməyimizə səbəb oldu. Odur ki, həmin gündən dərman atır, özümə gələ bilmirəm.” Q.Məmmədovanın yazdığından məlum olur ki, sonradan oğlunun vəkili vasitəsilə bilib ki, oğluna 8-ci polis bölməsində ciddi şəkildə təzyiq olub: “O, bölmənin rəisi Vüsal Qaraşovun və polis işçilərinin fiziki təzyiqi, təhdidi və ləyaqəti alçaldan hərəkətləri ilə üzləşib. Oğlumun cibinə 157 qram heroin atıblar. Sonra qarşısına şərt qoyublar ki, narkotikanın cibindən çıxdığını boynuna almalısan. Almasan, boynuna aprelin 22-də gecə yarısı Badamdar qəsəbəsində fəaliyyət göstərən “Bulaq” kafesində baş verən atışma, bir sıra açılmayan cinayət işləri və krimnal aləmlə əlaqələrinin olduğunu boynuna qoyacağıq. Oğlum ona edilən təzyiq, təhdid, fiziki işgəncə və ləyaqəti alçaldan hərəkətlər qarşısında polislərin təklifləri ilə razılaşmaq məcburiyyətində qalıb. Bu barədə məlumatı oğlum vəkili Ceyhun Yusifovla görüşü zamanı bildirib.” Məktubdan məlum olur ki, P.Məmmədov barəsində CM-in 234.4.3 maddəsi ilə cinayət işi başlanıb. Q.Məmmədovanın oğlunun şərlənməsi əməliyyatına rəhbərlik edən isə Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov olub. Q.Məmmədova rəis müavininin onun oğlunu 2014-cü il aprelin 25-də də şərlədiyini qeyd edir. Bildirir ki, məhz F.Hümbətovun göstərişi ilə oğlunun cibinə həmin tarixdə narkotik vasitə atılıb,onu istifadəçi kimi bir il müddətində azadlıqdan mərhum ediblər. Həmin vaxt yenə də oğlu təhdid olunub ki, heç yerə bu barədə şikayət olunmasın, olunsa, ailənizin həyatı təhlükə qarşısında qalacaq. Q.Məmmədova yazır:“Həyat yoldaşım Əli Məmmədov 2-ci qrup əlil olduğundan sağlamlığı imkan vermədi ki, harasa müraciət etsin. Mən də fikirləşdim ki, F.Hümbətovun bizə qarşı edəcək növbəti haqsızlığı ilə üzləşməmək üçün 1ilə birtəhər dözüm. Heç ağlıma gəlməzdi ki, əsl cinayəti və cinayətkarı tapmaqla deyil, günahsızı süni şəkildə cinayətkar etməklə vəzifə pilləsinə yüksəlmək istəyən Füzuli Hümbətovun təkrar şər-şantajı ilə üzləşməli olcağıq. Oğlumun saxlandığı gün ərazidə əməliyyata rəhbərlik edən F.Hümbətov ailəmizdən və oğlumdan nə istəyir bilmirəm? Ailəmizi kimsəsiz görən, statistika xatirinə oğlumu şərləyən F.Hümbətov və onun göstərişini yerinə yetirən V.Qaraşov görəsən, etdikləri bu qanunsuz hərəkətlərin nəticəsinin nə zamansa balalarının qabağından çıxacağını fikirləşirlərmi? Görəsən, oğlumu evdən deyil, küçədə saxladıqları kimi sənədləşdirən və cibinə 157 qram heroini atan bu vəzifəpərəstlər bir ailənin taleyini artıq məhv etdiklərinin fərqindədirlərmi? Məncə yox! Düşünsəydilər, belə etməzdilər”. Ana onu da vurğulayır ki, oğlu “Bulaq” kafesində atışma baş verməmişdən neçə gün qabaq xəstə olub və ev şəraitində müalicə alıb. Xəstə oğluna özü qulluq edibdir. Q.Məmmədova məsələ ilə bağlı rayon və Bakı şəhər prokurorlarının qəbuluna düşmək istəsə də, onu qəbul etməyiblər. Respublika Prokurorluğunda qəbul zamanı ananın diqqətinə çatdırıblar ki, oğlu narkotikadan istifadə etməsəydi, onun cibinə heç kim narkotika atmazdı. Orada da onun mçüraciətinə etinasız yanaşıblar. Ana qeyd edir: “ Mən bir daha qeyd edirəm ki, oğlum siqaretin nə olduğunu belə bilmir. Onu sadəcə heç bir yocxlamadan keçmədən Şəhər Narkoloji Dispanserin həkimlərinin verdiyi saxta arayışlar əsasnda həbs ediblər. Mən üzümü səlahiyyət sahiblərinə tuturam ki, oğlum ekspertizadan keçirilsin və onun narkotikadan asılı olub-olmadığı barədə həkimlər ədalətli rəy versinlər. Üzümü Səhiyyə naziri cənab Oqtay Şirəliyevə tutur və xahiş edirəm ki, onun nəzarəti ilə məsələ araşdırılsın, Şəhər Narkoloji Dispanserin oğlumun adına saxta arayış verən həkimlər barəsində qanuni ölçü götürülərək cəzalandırılsın. Üzümü buradan ölkə başçısına tutur və ondan xahiş edirəm ki, bizi səlahiyyətlərini aşan, vəzifə naminə hər cür iyrəncliklərə və saxtakarlığa əl atan füzuli hümbətov, vüsal qaraşovların şərindən qorusun”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?