Komitə sədri vətəndaşlara bağlarını rüşvətlə yenidən satdırır; son müşavirədən nəticə çıxarmayan bürokratlar var
Bakının 49 sakini Dövlət Əmlak Komitəsini qanunsuzluqda ittiham ediblər: “Prezidentin 22 may 2007-ci il tarixli fərmanına əsasən Bağlar İdarəsi ləğv olundu. Həmin sərəncamla Bağlar İdarəsi ilə müqaviləsi olan vətəndaşların bağlarının əvəzsiz olaraq vətəndaşlara verilməsi qərarı verildi. Amma təəssüf ki, Kərəm Həsənovun rəhbərlik etdiyi komitədə oturan quldurlar buna, prezidentin sərəncamına əməl etmirlər. Bəhanələr tapıb bağları özəlləşdirmirlər, imtina cavabı verirlər. Prezidentin sərəncamı ilə vətəndaşlara məxsus bağları həmin vətəndaşlara ən aşağı qiyməti 5000 manatdan satmaqla məşğuldurlar. Hər həftənin şənbə günü saat 14:00-dan 17:00-a qədər BTİİ-nin rəisi şikayətçiləri qəbul edir, pulu olanlar öz qanuni, prezidentin sərəncamına əsasən onlara verilmiş bağları rüşvətlə yenidən alırlar. Bu biabırçılığa son qoyan tapılacaqmı” - deyə şikayətçilər haqlı olaraq sual edirlər. Çünki BTİİ rüşvət yuvasına çevrilib. Bu dövlət qurumunda aşıq şəkildə vətəndaşlardan rüşvət yığırlar. Kərəm Həsənova bu hərəkətlərinə görə, “gözün üstə qaşın var” deyən yoxdur. Ona görə də bu idarədə işləyənlər istədiyi qədər özbaşınalığa yol vermək səlahiyyətinə malikdirlər. Onlar K.Həsənova arxayınlaşıb vətəndaşlardan məcburi rüşvət alır və bağlarını özlərinə ikinci dəfə satırlar. Seçki ilində komitə sədrinin vətəndaşları prezidentə qarşı narazı salması göz qabağındadır. K.Həsənov son müşavirədən nəticə çıxarmayıb və hələ də qanunsuz əməllərini davam etdirir. Ümumiyyətlə, son müşavirə bir çoxlarına görk olsa da, bəzi bürokratlar ibrət dərsi almayıblar. Onlar özlərini ağa sayırlar və geri çəkilmək istəmirlər. K.Həsənov BTİİ-də elə bir idarəetmə sistemi yaradıb ki, polis, nəqliyyat orqanları yanında “toya getməlidir”. Yuxarıdakı şikayəti məktubunu yazan vətəndaşlar tələb edirlər ki, bu qanunsuzluğa tezliklə son qoyulsun, məsələ araşdırılsın və komitə sədri barəsində ölçü götürülsün.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?