İqtidar mətbu siyasətini dəyişir: bəzi qəzetlərin pulu kəsiləcək; Mətbuat günü ərəfəsində KİVDF-də əksər qəzetlərə pul ayrılmayacaq.
Bu barədə məlumat aznews.az-a qurumdakı mənbədən daxil olub. Mənbənin dediyinə əsasən, bu xəbərdən sonra KİVDF-dən maliyyə alan və layihə keçirən əksər qəzet redaktorları təlaşa düşüblər. Söhbət ondan gedir ki, artıq bu qəzetlərin maliyyələşdirilməsi gözlənilən effekti vermədiyindən belə bir qərarın qəbulu zərurətə çevrilib. Belə ki, həmin mətbu orqanlar aldıqları maliyyə müqabilində ictimai rəyə təsir göstərmək gücündə deyillər. Bu isə daha yuxarı instansiyalarda çoxlu narazılığa səbəb olur. Əldə etdiyimiz məlumatda bildirilir ki, bu ilin ikinci yarısından vur-tut 12 qəzetə maliyyə yardımı ayrılacaq. Onlardan beşinin adı dəqiq məlumdur. Bu, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Azadlıq”, “Səs” və “Zerkalo” qəzetləridir. Mənbə daha sonra bunları da bildirib: «Yerdə qalan 7 qəzetin adları isə hələ də bilinmir. Bununla belə, nəzərinizə çatdırım ki, daha “cırtdan qəzetlər”in əksəriyyəti maliyyə yardımından kənarda qalacaqlar. İqtidar daha əvvəlki kimi çap olunandan sonra maklaturaya çevrilən həmin qəzetlərə pul ayırmaqdansa, özünə yaxın elektron mediaya yardım etməyə, yeni-yeni saytlar açmağa başlayacaq». Məlumatda həmçinin bildirilir ki, şənbə günü KİVDF-nin Mətbuat prospektində yerləşən ofisində həmin qəzetlərin rəhbərlərinin iştirakı ilə toplantı keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?