Siyasi qəzetlərdən hazırda 4 media quruluşunun nümunələri daha çox satılır: “Yeni Müsavat”, “Azadlıq”, “Gündəm – xəbər” və “Bizim Yol” qəzetləridir
Günxebər.com portalı Bakıda qəzetlərin satışı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, son həftələr ölkədə dərc olunan bütün qəzetlərin satışlarında geriləmə var. Siyasi, əyləncə və idman qəzetləri ilə bərabər elan və reklamları daşıyan, hər zaman yüksək tirajlı olan media nümunələri də aprel ayının sonundan başlayaraq eniş xəttinə giriblər. Bütün bunların öz səbəbləri var. Siyasi qəzetlərin paytaxtda satışının azalmasının əsas səbəbi hakimiyyətin onların satışına ciddi əngəl törətmələridir. Digər tərəfdən, hazırda tənqidi media quruluşları özlərinin internet versiyalarını təkmilləşdiriblər. Bu da istər-istəməz oxucunun online versiyaya üstünlük verməsinə səbəb olur. Günxebər.com onu da aydınlaşdırıb ki, siyasi qəzetlərdən hazırda 4 media quruluşunun nümunələri daha çox satılır. Onlar satış sayına görə “Yeni Müsavat”, “Azadlıq”, “Gündəm – xəbər” və “Bizim Yol” qəzetləridir. Qeyd olunan qəzetlərin internet versiyaları da var. Günxeber.com təhlil edib ki, bu sahədə də “Yeni Müsavat” qəzeti şəriksiz liderdir. Bu qəzetə aid olan musavat.com portalı MDB məkanında dərc olunan 1564 qəzetin internet resursları arasında 13-cü yerdədir. Azərbaycanda belə bir göstəricisi olan ikinci bir qəzet yoxdur. (bax: http://top.mail.ru/Rating/MassMedia-Newspapers/Today/Visitors/1.html#13) Dünya çapında ən prestijli və mötəbər sayğaclardan sayılan Google-analytics-in göstəricilərinə görə də musavat.com Güney Qafqazın lider portalıdır. Google-analytics göstərir ki, 30 aprel tarixində sayta 100 min 487, 1 may tarixində isə 94 min ziyarətçi daxil olub. Bu yazı yazılan vaxt (20.00) Google-analytics-in sayğacı musavat.com üçün 80 min ziyarətçini keçmişdi. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, azadlıq.info, deyerler.org portalları da MDB məkanındakı KİV-lər arasında seçkin və qürur gətirəcək yerdədirlər.
Sorğu
Yeni dizaynımız necədir?