Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı referendum aktına artıq iki aydan da az vaxt qalıb. Konstitusiyanın dəyişilməsini istəməyən müxalifət qüvvələri nədənsə bu məsələdə ortaya vahid mövqe qoya bilmir.
Maraqlıdır ki, bir neçə il öncə vahid namizədlə prezident, blok şəklində parlament seçkilərinə gedən müxalifət indi elə bir dağınıq vəziyyətdədir ki, konstitusiya dəyişikliyinə qarşı birgə təşkilatlana bilmir.
Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında müxalif birliyinin pozulmasında Müsavat Partiyasını ittiham etdi:
“Şəxsən mənə görə müxalifətin hazırkı təklif olunan referendum şəraitində hər hansı təşəbbüs qrupu yaratması iqtidarın "referendum qaravəllisinə" züy tutmaq anlamı verir. Birlik anlayışı isə... bir-birimizdən yapışmaq deyil - bir iş görməkdir ki, bunu da hərə öz qabiliyyəti səviyyəsində edə bilər. Müxalifətin 2013-cü ildə cəmiyyətin böyük bir təbəqəsini əhatə edən birliyi Milli Şurası yarandı. O birliyin 2013-cü il bütövlüyünün pozulmasının səbəbini lütfən Müsavat Partiyası rəhbərliyindən soruşun. Həmin birliyi pozmaq Müsavatın çox böyük və tarixi səhvi idi. Bu səhv Milli Şuradan daha artıq Azərbaycan Milli Demokratik qüvvələrə bir zərbə oldu. Yenicə yaranmış ümumxalq müqavimətinə, onun immun sisteminə və demokratik cəmiyyət quruculuğuna, inamına çox böyük zərbə oldu. Əlbəttə, bu dediklərim mənim şəxsi qənaətimdi. Kimsə ayrı cür fikirləşə, bu məsələlərə özgə prizmadan yanaşa bilər. Mən onların da fikirlərinə hörmətlə yanaşıram”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?