Baş Prokurorluq həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkilinin açıqlamalarına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun guya təqsirləndirilən şəxsin əsassız olaraq həbsdə saxlanılması və istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması barədə səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur:
“Belə ki, Bakı şəhər Prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib. Ona görə də kifayət qədər əsaslar olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir”
Qeyd edək ki, bir neçə gün əvvəl G. Əhmədovanın vəkili Əfsər Talıbov sabiq millət vəkilinin əsassız olaraq həbsdə saxlanılması və onunla bağlı istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması barədə mətbuata açıqlama verib. Ə. Talıbov bununla bağlı baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov, daxili işlər, ədliyyə nazirlərinə, Bakı şəhər prokuroru Əziz Seyidova, ombudsman Elmira Süleymanovaya, Heydər Əliyev Fonduna, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. Bu arada isə Vəkillər Raqif Mustafayev və Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüblər. Bu barədə APA-ya məlumat verən R. Mustafayev bildirib ki, istintaq orqanı tərəfindən Elşad Abdullayevin yaydığı sonuncu videomaterialla əlaqədar fonoskopik ekspertizanın keçirilməsi haqqında qərar qəbul olunub: “Biz həmin qərara etiraz etdik. Çünki əvvəllər də qeyd etdiyimiz kimi həmin videomateriallar maddi sübut kimi götürülə bilməz. Biz Gülər xanımın həbsinin qanunsuz olması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamışıq. Bu gün müraciəti göndərəcəyik”. R. Mustafayev G. Əhmədovanın bəzi qəzetlərin onun haqqında əsassız məlumatlar yazmasına etiraz etdiyini də bildirib: “Gülər xanım mənə və digər vəkili Əfsər Talıbova tapışırdı ki, qərəzli məlumatlar yazan qəzetlərə hər hansı məlumat verməyək ”. Vəkil Əfsər Talıbov isə Gülər Əhmədovanın Bakı şəhər prokuroru Əziz Seyidova ərizə yazdığını bildirib: “Gülər xanım ərizə yazıb öz xidmətlərini, himayəsində azyaşlı uşağın olmasını, həyat yoldaşının və özünün xəstə olmasını göstərdi və xahiş etdi ki, onun ev dustaqlığına buraxılması üçün köməklik etsin. Həmçinin bildirdi ki, Elşad Abdullayev gəlib ifadə verməyənə kimi o da ifadə verməyəcək ”. Ə. Talıbov G. Əhmədovanın vəkil Eldar Qədimidən imtina etməsi barədə ərizə yazdığını və bunun müstəntiq tərəfindən təsdiq olunaraq protokollaşdırıldığını da qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?