Ukraynanın Sumı şəhərində azərbaycanlı tələbə döyülüb.
gundemxeber.az bildirir kİ, Sumı vilayəti Azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova APA-ya deyib ki, Sumı Aqrar Universitetinin 3-cü kurs tələbəsi, Kürdəmir rayonunda anadan olmuş Azərbaycan vətəndaşı Quliyev Tural Hətəmxan oğlu 15-20 nəfərin hücumuna məruz qalıb.
Hadisə universitetin yataqxanası qarşısında baş verib. Türkmənlərdən ibarət 15-20 nəfərlik dəstənin üzvləri sərxoş halda yataqxananın yaşlı komendantına sataşıblar. Yaxınlıqda olan T. Quliyev onları sakitliyə dəvət edərkən hücuma məruz qalıb, dəmir alətlərlə döyülüb. Onun öldüyünü zənn edən dəstə üzvləri hadisə yerindən qaçıblar.
Xəstəxanaya çatdırılan T. Quliyevin başından müxtəlif xəsarətlər və ağır kontuziya aldığı, özünü idarəetmə imkanlarının məhdudlaşdığı məlum olub.
M. Salmanova bildirib ki, T. Quliyev Azərbaycana gətirilib, müalicəsi üçün xeyli vəsait lazımdır. O, hadisə barədə polisə müraciət etdiklərini də bildirib: "Hadisəni törədənlərdən birini saxlasalar da, sonradan buraxdılar. Bundan sonra dəfələrlə etdiyimiz şikayətlərimizə da baxmayıblar, heç bir tədbir görülməyib".
Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonundan olan tələbə Məhəmməd Səfərəliyev iki gün əvvəl Ukraynada bıçaqlanaraq öldürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?